İmişlidə baş vermiş yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı xəsarət almış Niyaməddin Musayevin həyatını xilas etmək mümkün olmayıb, xəstəxanada ölüb.
***
09.04
Fövqəladə Hallar Nazirliyi İmişlidə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, İmişli rayonunda “KamAZ" və "QAZel" markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "QAZel" markalı yük avtomobilinin sürücüsü, 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
08:50
İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Gülməmmədov Ruslan Dünyamalı oğlunun idarə etdiyi “KamAZ “ markalı yük avtomobili ilə Yalavac kənd sakini, 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun idarə etdiyi ”QAZel” markalı yük avtomobili toqquşub.
APA-nı Mil-Muğan bürosunun məlumatına görə, nəticədə “QAZel” markalı avtombilin sürcüsü ölüb.
Hər iki avtomobildə olan sərnişinlər - İmişli rayon sakinləri, 1971-ci il təvəllüdlü Həmzəyev Fərhad Bəybala oğlu və 1974-cü il təvəllüdlü Musayev Niyaməddin Ərzuman oğlu müxtəlif dərəcəli xəsarətlərilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.