Azərbaycan bu ilin yanvar-fevral ayları ərzində 542,82 kq qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ixrac edilmiş malın 325,02 kq yanvar, 217,8 kq fevral ayının payına düşüb. Bu isə öz növbəsində fevral ayında miqdar baxımından qızıl ixracının əvvəlki aya nisbətən 33% azalmasını göstərir.
Rəsmi statistikaya əsasən, yanvar-fevral ayları ərzində ixrac edilmiş qızılın dəyəri 27 303,26 min ABŞ dolları təşkil edib. Bunun da 16 257,53 min dolları yanvar ayının, 11 045,73 min dolları fevral ayının payına düşüb. Bu isə dəyər ifadəsində qızıl ixracının 32,1% azalması deməkdir.
Qeyd edək ki, Azərbaycandan qızılın hamısı (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda)İsveçrəyə ixrac edilib.