Rusiya KİV: Ermənistan pandemiya qarşısında tam məğlub oldu

Rusiya KİV: Ermənistan pandemiya qarşısında tam məğlub oldu
# 11 iyun 2020 17:06 (UTC +04:00)

Bütün dünya koronavirus pandemiyasına qarşı mübarizə aparır. Bəzi ölkələr bu savaşdan acınacaqlı vəziyyətə düşüb.

Qərb və Rusiya mətbuatı pandemiyaya qarşı “Azərbaycan nümunəsi”ni təqdir etməklə yanaşı, açıq bəyan edir ki, Ermənistan koronavirusla döyüşdə acı məğlubiyyətə uğradı. Avropa və Asiyada böyük oxucu kütləsi olan “Avrasiya Ekspert” portalının yazdığına görə, Ermənistanda koronavirus ətrafında vəziyyət kritik olaraq qalır. Portalın yazdığına görə, iyunun 9-na olan əsasən Ermənistanda 13,575 virus daşıyıcısı qeydə alınıb, onlardan 4545-i sağalıb, 217 nəfər həyatını itirib. Hazırda Ermənistanda 8933 nəfər müalicə olunur və Baş nazir Nikol Paşinyan artıq 20-30 minə yaxın asimptomatik xəstə olduğunu açıqlayıb. Portalın yazdığına görə, vəziyyət ağırlaşır, ilkin mərhələdə müvəffəq olan karantin tətbiqinin (mart-aprel) təsirinin may ayının əvvəlində qəfil şəkildə aradan qaldırılması hazırda vəziyyəti daha da ağırlaşdırıb.

Xarici KİV-in yazdığına görə, pandemiya Ermənistanda mövcud olan bir çox problemləri daha da ağırlaşdırdı. Siyasətdə və iqtisadiyyatda yol verilən səhvlər əhalini acınacaqlı duruma salmışdı. Pandemiya isə insanların həyatı bahasına başa gəldi. Rusiya KİV-i iddia edir ki, Paşinyan vəziyyəti düzgün dəyərləndirə bilmədi, mart ayının ortalarında epidemiyanın iki böyük yayılması var idi və hökumət bunun qarşısını ala bilmədi. Martın 16-dan mayın 4-dək qüvvədə olan sərt karantin rejimi virus dalğasını dayandıra bilmədi və bunun nəticəsində iqtisadi itkilər getdikcə daha çox nəzərə çarpdı.

Xarici mətbuatın təhlilinə görə, koronavirusla mübarizənin əsas çatışmazlıqları 2018-ci ilin “məxməri inqilab”ından sonra dəfələrlə ortaya çıxan eyni problemlərə aid idi: fors-major vəziyyətə yeni kadrların hazır olmaması və təcrübəsizlik, bəzi dövlət orqanlarının iflic vəziyyətdə olması, ölkədəki böhranın və daxili siyasi problemlərin həll olunmaması vəziyyəti daha da qəlizləşdirdi. Səriştəsizlik Ermənistan hökumətinin “Axilles dabanı”na çevrildi, məmurların qarşıdurmaları ölkəni pandemiyaya qarşı savaş aşmağa qoymadı.

Xatırladaq ki, Paşinyanın başçılıq etdiyi konstitusiya dəyişiklikləri ilə bağlı təşviqat yalnız martın 12-də başa çatdı, bu zaman altıncı təsdiqlənmiş koronavirus daşıyıcısı aşkar olundu (birincisi martın 1-də aşkarlanmışdı), sonra martın 16-da fövqəladə vəziyyət elan edildi və referendum ləğv oilundu.

Digər tərəfdən, başı siyasi savaşa qarışan hakimiyyətin və cəmiyyətin pandemiyaya qarşı mübarizə aparmağa vaxtı olmadı. Hakimiyyətin kortəbii hərəkətləri və cəmiyyətin reaksiyası sonradan müxtəlif məhdudiyyətlərin tətbiq edilməsinin (ticarət mərkəzlərinin bağlanması, cərimə tətbiqi ilə bağlı mübahisələr, böhran əleyhinə sosial yardım paketlərinin müzakirəsi) faydası olmadı. Ermənistanın siyasi sistemi "koronavirus rejiminə keçə bilmədi. Ermənistanın siyasi rəhbərliyi problemin müvəqqəti olduğunu bəyan etdi, əhalini sakitləşdirdi və virusa qarşı sərt addımlardan qaçdı, pandemiya əleyhinə heç bir əməli addım ata bilmədi. Hətta fövqəladə vəziyyətin verdiyi siyasi imkanlardan da istifadə edilmədi, xəstəlik əleyhinə əməli addımlar atılmadı. Bu vəziyyətə hökumətin və xüsusən Ermənistanın səhiyyə naziri Arsen Torosyanın hazırkı vəziyyətə hər hansı bir fəaliyyət strategiyasının olmadığını üzə çıxartdı. Ziddiyyətli açıqlamalar vətəndaşlar arasında panikanı daha da artırdı. Aprel ayının ortalarında, iqtisadiyyatın iki aylıq karantinə tab gətirə bilmədiyi üzə çıxdı. Makro-iqtisadi səviyyədə Ermənistan iqtisadiyyatının vəziyyəti ilə bağlı məyusedici faktlar vəziyyəti lap qəlizləşdirdi. Yanvar-aprel aylarında iqtisadi aktivlik göstəriciləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azaldı. Müxtəlif beynəlxalq qurumlar və beyin mərkəzləri ÜDM-nin 1,5%-dən 4,4%-ə qədər azalacağını proqnozlaşdırırlar. Bu halları nəzərə alaraq hökumət mayın 4-də fövqəladə vəziyyət rejiminin iyunun 13-dək uzadılmasına baxmayaraq, məhdudiyyətləri yüngülləşdirməyə başladı. Bu qərar səhiyyə sektoruna baha başa gəldi. Vətəndaşlar tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməməsi insidentlərin kəskin artmasına səbəb oldu, çünki karantin rejiminin sonu problemin həlli ilə əlaqələndirildi. Siyasi sahədə də hadisələr daha sürətlə inkişaf etməyə başladı: hökumətlə parlament müxalifəti arasında münaqişə daha aydın göründü; başqa bir "zəhlətökən" mövzu ictimai müzakirəyə çıxarıldı (uşaqların cinsi zorakılıqdan qorunması haqqında Lanzarote Konvensiyasının qəbul edilməsi); hökumətin parlamentdən kənar tənqidləri gücləndi; Hökumət yenidən böhranın Konstitusiya Məhkəməsi ətrafında həllini müzakirə etməyə başladı, ancaq alternativ şəkildə referenduma getdi. İyunun 1-də Baş nazir onun və ailəsinin də koronavirusa yoluxduğunu açıqlandı. Xəstəliyə baxmayaraq, Paşinyan, pandemiya ilə mübarizənin bütün məlumat yükünü kifayət qədər ekstravaqant metodlardan istifadə etdi: qanun pozuntularının fotolarını rəsmi Facebook səhifəsində yayımlamağa başladı. Paşinyan problemi həll etmək əvəzinə populist bəyanatlarla çıxış etməyə başladı. Pandemiyaya məğlub olan Paşinyan hökuməti müxalifətin sərt tənqidi ilə üzləşdi. “Nezavisimaya qəzeta” bildirir ki, Ermənistanın parlament müxalifəti hökumətdən epidemiya ilə bağlı vəziyyətin niyə bu qədər bərbad olduğunu təkidlə soruşsa da, anlaqlı cavab ala bilmir.

“Çiçəklənən Ermənistan”dan olan deputat Naira Zohrabyan Paşinyanı tənqid edib və bildirib ki, hökumətin pandemiyaya qarşı mübarizə planı mövcud deyil. Onun sözlərinə görə, insanlar qaydalara riayət etməyə, qanunlara əməl etməyə borcludurlar, ancaq epidemiyanın yayılmasına qarşı mübarizə aparan orqanların nə etdiyini heç kəs anlamır. Müxalifət epidemiya siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirir. Müxalifət bəyan edir ki, pandemiyanın ilk günlərində tətbiq olunan məhdudiyyətlərə əhali əməl etmədi və bunun məsuliyyətini də Paşinyan daşıyır. Pandemiya dövründə respublikanın komendantı təyin olunan Ermənistan Baş nazirinin müavini Tigran Avinyan ümumiyyətlə, koronavirus barədə məlumata belə malik deyildi. Bütün bu səriştəsizliklər öz sözünü dedi. Nəticədə, Ermənistan pandemiya qarşısında tam məğlub oldu və Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırdı.

APA Analitics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR