18-19 may tarixlərində baş tutmuş 73-cü Ümumdünya Səhiyyə Assambleyası dünyada mövcud COVID-19 pandemiyası şəraiti ilə əlaqədar videokonfrans formatında keçirilib.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, sessiyada COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə, mütəşəkkillik və görüləcək fəaliyyətlərin müzakirəsi olunub.
Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları ÜST təşkilatına üzv olan 194 dövlətin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələrindən ibarət idi.
Ötən il olduğu kimi, sessiya ərəfəsində Tayvanın 73-cü Assambleyada müşahidəçi qismində iştirakı ətrafında ziddiyyətlər özünü göstərdi. Bu məsələdə Azərbaycan tərəfi "Vahid Çin" prinsipi əsasında Tayvanın Assambleyada müstəqil dövlət kimi iştirak etməsinə qarşı çıxıb.
Həmçinin, sessiya zamanı Ümumdünya Səhiyyə Assambleyasının yeni prezidenti seçilib - səfir Keva Beyn (Baham adaları).
"Son 25 il ərzində biz ictimai səhiyyə sahəsində misilsiz nailiyyətlərin əsl qızıl dövrünü müşahidə edirik. Biz uşaq ölümünü 47%, ana ölümü isə 45% qədər azalda bildik. HİV, AİDS, malyariya və digər xəstəliklərin yayılmasına gəldikdə, burada da əhəmiyyətli nailiyyətlər müşahidə olunur. COVİD-19 virusu yeni texnologiyaların yarandığı dövrdə ortaya çıxıb və indi yeni biliklər, innovasiyalar, çeviklik və düşünülmüş ölkələrarası qarşılıqlı əlaqələr tələb olunur. Bu böhranlı dövrlərdə ÜST-ün rolu hamımıza onu xatırladır ki, biz bir-birimizə bağlı olan və bir-birindən asılı olan dünyada yaşayırıq, burada rifah və sağlamlıq ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq, şərait və qərarlardan asılıdır. Bakterial və virus təhlükəsi çox tez yayılır, ÜST COVİD-19 müqavimətini təmin etmək üçün ardıcıl və qətiyyətlə hərəkət etməlidir. Eyni zamanda mandat çərçivəsində hərəkət etmək və milyonlarla insanın, xüsusilə də qeyri-infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərin sağ qalmasına təhlükə yaradan təhdidləri aradan qaldırmaq üçün balans yaratmaq lazımdır. Mən əminəm ki, biz bu gün yaşadığımız ağır reallıqların öhdəsindən gələ biləcəyik. COVİD-19 pandemiyasından sonrakı vəziyyət bizə səmərəli hərəkət etməyə imkan verəcək, bunun üçün isə biz yeni həyat tərzinə keçid almalı, mövcud resurslarımızı yönləndirməli və maksimuma çatdırmalıyıq, həmçinin cəmiyyətlərimizin iqtisadi, psixoloji və fiziki rifahı arasında yeni tarazlıq yaratmalıyıq. Bəli, biz yaşlı vətəndaşlarımızı itirmişik və ona görə də sağ qalanlarını müdafiə etmək üçün daha çox səy göstərməliyik" - səhiyyə assambleyasının sədri Keva Beyn nitqində qeyd edib.
Sessiya zamanı Azərbaycan Respublikasının Səhiyyə naziri, professor Oqtay Şirəliyev öz çıxışında bildirib ki, Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib:
“Bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3274 yoluxma halı qeydə alınıb, onlardan 2015-i sağalıb, ölüm halları isə 1,2% təşkil edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa çağırışla müraciət edib ki: «Biz birlikdə güclüyük». Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".