Əli Əhmədov: “Mayın 29-da bütün dünyanın nəzərləri Bakıda olacaq”

Əli Əhmədov: “Mayın 29-da bütün dünyanın nəzərləri Bakıda olacaq”
# 27 may 2019 18:03 (UTC +04:00)

May ayının 29-da Bakının Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək. Avropanın iki məşhur futbol komandasının – "Arsenal" və "Çelsi" komandalarının çempionluq uğrunda yarışına Bakının ev sahibliyi etməsi əlamətdar hadisədir.

ONA xəbər verir ki, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində yazıb.

Ə. Əhmədov bildirib ki, bu, təkcə idman bayramı deyil, eyni zamanda Azərbaycanı, Bakını tanıtmağın gözəl imkanıdır: “Artıq bir neçə gündür Bakı, Azərbaycan futbolsevərlərin ən çox müzakirə etdiyi ölkə və şəhərdir. Ayın 29-da isə bütün dünyanın nəzərləri Bakıda olacaq”.

Baş nazirin müavini idmançılara uğurlar diləyib: “Komandalardan hansısa çempion adına məhz Bakıda nail olduğunu heç zaman unutmayacaq. Eynilə də fanatlar Bakıda keçirilən oyundan ən xoş təəssüratlarla qayıdacaqlarına əminəm”.

Ə. Əhmədov Bakıdakı futbol fanatlarının oyuna Azərbaycan bayrağı ilə getmək barədə sosial şəbəkələrdə səsləndirilən təklifi dəstəklədiyini qeyd edib: “Yaxşı olar ki, Bakı həm oyunçuların, həm də fanatların yaddaşında təkcə stadionun gözəlliyi ilə deyil, həm də azarkeşlərin coşqusu ilə qalsın. Azərbaycan bayraqları, Azərbaycan coşqusu və Azərbaycan qonaqpərvərliyi ilə futbolçuları və onların Bakıya gəlmiş fanatlarını salamlayırıq. Hamınıza gözəl idman həyəcanı və xoş istirahət arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR