Bu ilin yanvar-mart aylarında Azərbaycana 15 492 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 94,1% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkəyə 14 417 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 98,8% artıb.
Bundan başqa, bu ilin birinci rübündə ölkəyə 972 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 51,1% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 66 ədəd (artım 50% çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 37 ədəd (9,7% az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkəyə 1566 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 14 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Ümumi olaraq, yanvar-mart aylarında avtomobil idxalının dəyəri 169 634,06 min ABŞ dolları təşkil edib.