Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun ardıcıl genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı amansız mübarizə aparılır, yerli və mərkəzi icra orqanlarının fəaliyyətində yol verilən pozuntular aşkar olunaraq ən sərt tədbirlər görülür.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bununla bağlı dövlət başçısının keçirdiyi müşavirələrdə verdiyi tapşırıqlar, xüsusilə hüquq mühafizə orqanlarının qarşısında irəli sürdüyü göstərişlər Ədliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə olunaraq xüsusi tədbirlər müəyyən olunub, o cümlədən tabe qurumların kollektivləri ilə video-əlaqə vasitəsilə müşavirələr keçirilir.
Mayın 23-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Çıxış edən nazir ölkə Prezidenti İlham Əliyevin güclü siyasi iradəsi ilə respublikamızın hərtərəfli davamlı inkişafını, qlobal pandemiya olan COVİD-19 infeksiyasına qarşı görülən qəti tədbirləri qeyd edib, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın insanlara qayğılı və həssas münasibətindən, əhalinin təhlükəsizliyinə, sağlamlığına və rifahına yönələn tədbirlərdən bəhs edib.
İclasda dövlət başçısının korrupsiyanın yolverilməzliyi, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı qəti tapşırıqlar verilib.
Həmçinin, Ədliyyə Nazirliyi tərəfindən koronavirus infeksiyasına qarşı penitensiar müəssisələrdə görülən zəruri dezinfeksiya, tibbi və digər profilaktik işlərdən bəhs olunub, virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyətinin artıq sağaldığı və karantindən çıxdığı, hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığı vurğulanıb. Bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq, bu sahədə görülən işlərə toxunulub. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkumun azadlığa buraxıldığı vurğulanıb.
Həmçinin məhkumları vaxtından əvvəl şərti azadetmə institutu pandemiya dövründə geniş tətbiq olunaraq 624 məhkumun azadlığa buraxıldığı, 310 həbs edilmiş şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyi qeyd olunub.
Nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.
Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.
Müşavirədə ölkə başçısının dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət və qanunun aliliyi prinsiplərinin üstün tutulması barədə tələblərinin hər bir əməkdaşın fəaliyyətində rəhbər tutulmasının zəruriliyini vurğulayıb, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, insanların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılmasının hər bir əməkdaşın ümdə vəzifəsi olduğu bildirilib.
Bununla yanaşı, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.
Nazir həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.
Eyni zamanda, penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verilib. Ölkə başçısının korrupsiyaya qarşı mübarizədə xüsusi önəm verdiyi şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.