Bu ilin yanvar-aprel aylarında “Azexport.az” portalına 209,2 mln. ABŞ dollarıı dəyərində ixrac sifarişləri daxil olub.
“APA-Economics”in məlumatına görə, bunu "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə “İxrac İcmalı”nın 2020-ci ilin may sayının onlayn təqdimatında deyib.
Onun sözlərinə görə, 2020-ci ilin aprel ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 61,5 mln. dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 20,8% artıb.
Bu ilin aprel ayında Azexport.az portalına ən çox ixrac sifarişi pomidor, toyuq yumurtası, badımcan, kartof, qoyun yunu, soğan, pambıq yağı, kələm, bal, göbələk, tütün, şərab, tikinti materialı, meyvə şirəsi, alma, mühərrik yağı, sarımsaq, konservləşdirilmiş tərəvəz, qənnadı məhsulu, metal konstruksiya, yer kökü, çay, buğda unu, uşaq bezi və s. mallara daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 aprel tarixinə kimi (40 ay ərzində) “Azexport.az” portalına dünyanın 141 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1,794 mlrd. ABŞ dolları təşkil edib.
Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 15,4 mln. dollar olub. 2020-ci ilin yanvar-may ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 mln. dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.