Azərbaycan Dəmir Yolları” QSC-də videokonfrans şəklində kollegiya iclası keçirilib

Azərbaycan Dəmir Yolları” QSC-də videokonfrans şəklində kollegiya iclası keçirilib
# 05 may 2020 21:25 (UTC +04:00)

Mayın 5-də “Azərbaycan Dəmir Yolları” QSC-də videokonfrans şəklində kollegiya iclası olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə keçən iclasda qlobal pandemiya şəraitində insanların sağlamlığının qorunması, COVİD-19 qlobal pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin, habelə sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması məqsədilə atılan vacib addımlardan danışılıb.

Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya verilən məlumata görə, cəmiyyətin sədri qeyd edib ki, dövlət başçısının qətiyyətli və çevik qərarları, pandemiya ilə mübarizədə vətəndaşların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirməsi tezliklə bu çətinlikdən xilas olacağımıza inam yaradır.

Cəmiyyətin sədri bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə dövlət başçısı ölkəmizin Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən biri kimi vacib roluna diqqət çəkib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir. Bildirilib ki, pandemiya şəraitində Azərbaycan dəmir yollarında sərnişindaşımaya məhdudiyyət qoyulsa da, yükdaşınmaları müntəzəm şəkildə yerinə yetirilir. Yükdaşımaların həcminin artmasında Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri vacib rola malikdir. İclasda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artdığı da diqqətə çatdırılıb. Yüklərin daşınmasında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” MMC və “ADY Ekspress” MMC böyük əhəmiyyət kəsb edir. O da vurğulanıb ki, 2017-ci ildən daşınan yüklər arasında qeyri-neft məhsulları üstünlük təşkil edir.

İclasda sərnişinlərin və dəmiryolçuların sağlamlığının qorunması üçün dəmir yollarında görülən müvafiq profilaktik tədbirlər, dezinfeksiya işləri barədə məlumat verilib. Qeyd edilib ki, pandemiya şəraitində işə məhdud sayda əməkdaşlar cəlb olunaraq, onların növbəli iş rejimində çalışmasına şərait yaradılıb. Fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqi genişləndirilib, idarədə bütün sənədləşdirmə işləri elektronlaşdırılıb.

Cəmiyyətin sədri Abşeron dairəvi dəmir yolu layihəsinin tamamlandığını, qalan işlərin isə ilin sonunadək yekunlaşdırılacağını bildirib. O, Ləki-Qəbələ, Biləcəri-Yalama və Ələt-Astara dəmiryolu xəttinin tikintisi ilə bağlı görülən və görüləcək işlər barədə məlumat verib, layihələrin icra vəziyyəti ilə maraqlanıb. Bakı-Böyük Kəsik istiqamətində sürət həddinin artırılması üçün zəruri infrastruktur tədbirlərinin həyata keçirilməsi müzakirə olunub. Həmçinin bildirilib ki, Xaçmaz–Şahdağ dəmir yolu xətti layihələndirilir, ərazinin coğrafi relyefi öyrənilir.

Cavid Qurbanov qeyd edib ki, Cəmiyyətin hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib. Bu il daha 9 lokomotivin çatdırılması nəzərdə tutulur. Eyni zamanda, 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib.

Videoformatda təşkil olunan iclasda pandemiya dövründə Cəmiyyətin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib. Məlumat verilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib.

İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR