Bu gündən tədris digər dillərdə aparılan I siniflərə uşaqların qəbulu məqsədilə birbaşa ünsiyyət qurma formasında Bakı, Gəncə, Sumqayıt şəhərləri, Abşeron və Lənkəran rayonları istisna olmaqla digər şəhər və rayonlarda müsahibələrin keçirilməsinə başlanılıb.
APA-nın məlumatına görə, Komissiyanın iş vaxtı saat 9:30-dan 17-30-dəkdir. Komissiyanın tərkibi 1 nəfər sədr, 2 nəfər üzv olmaqla ümumilikdə 3 nəfərdən ibarət peşəkarlığı, obyektivliyi, uşaqlarla işləmə bacarığı olan, müsahibə aparılan dildə sərbəst danışa bilən ibtidai sinif müəllimindən (həmin sayda ibtidai sinif müəllimi olmadıqda yuxarı siniflərin müvafiq dil və ədəbiyyat müəllimləri də cəlb oluna bilər) təşkil edilməlidir.
Dinləyici qismində dili sərbəst bilən bir nəfər psixoloqun da komissiyada iştirakının təmin edilməsi vacibdir. Komissiyaların fəaliyyət göstərdiyi mərkəzlər üzrə bir nəfər təhsil şöbəsinin əməkdaşı müsahibə rəhbəri təyin edilməli, həmin şəxs bütün təşkilati və texniki işlərə cavabdeh olmalı, komissiyanın normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasını təmin etməlidir. Rayon və ya şəhər üzrə birdən çox komissiya yaradıldığı halda bir nəfər əlavə olaraq ümumi müsahibələrin rəhbəri təyin edilməlidir.
Şəffaflığın təmin edilməsi və gələcəkdə yarana biləcək apelyasiya müraciətlərinin cavablandırılması məqsədilə müsahibə prosesində çəkilişlər aparılmalıdır. Prosesin tənzimlənməsi və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən müsahibələrin gedişatının izlənilməsini təmin etmək məqsədilə komissiyanın fəaliyyət göstərdiyi otaqda kompüter və ya noutbuk quraşdırılmalı, Microsoft teams platforması üzərindən qeyd olunan məsələlərin icrası təmin edilməlidir.
Uşaqların marağını, sərbəstliyini təmin etmək üçün müxtəlif ləvazimat və əşyalardan istifadə etmək zəruridir. Uşağın valideynlərinə (qanuni nümayəndəsinə) və məktəbəhazırlıq qrupunda məşğələ aparan müəlliminə kənar müdaxilələr etmədən müsahibə prosesini izləmələrinə icazə verilir.
Komissiya üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onlara qoruyucu maskaların verilməsi və otağa dezinfeksiya maddələrinin qoyulması təmin edilməlidir. Müsahibədə iştirak edəcək namizədin və valideynin (qanuni nümayəndənin) komissiyanın fəaliyyət göstərdiyi binaya daxil olarkən qoruyucu maskadan istifadə etmələri tələb edilməlidir.