Millət vəkili: “Son artımdan sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı həddədir”

Millət vəkili: “Son artımdan sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı həddədir”
# 01 avqust 2018 14:37 (UTC +04:00)

“Azərbaycan iqtisadiyyatı da hazırkı inkişaf mərhələsində qlobal iqtisadiyyatla sıx təmasda olan iqtisadiyyatdır və onun idarə olunması da çevik və effektiv idarəetmə tələb edir. Tutaq ki, nəqliyyat sektorunda hansısa məsələlərin, yükdaşımaların, yaxud sərnişindaşımaların iqtisadi tənzimlənməsi həm də həmin sektorun logistikasının idxalı ilə bağlı xərclərin nəzərə alınmasını da tələb edir”.

 

Bunu APA-ya açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

 

H. Babaoğlu deyib ki, hər bir milli iqtisadiyyatın tənzimlənməsi ölkənin iqtisadi institutlarının başlıca vəzifələrindən biridir və qloballaşan dünyada iqtisadi münasibətlər  bu və ya digər formada qarşılıqlı inteqrasiya etmiş olur: "Belə olduqda milli iqtisadiyyat kimi səciyyələndirdiyimiz iqtisadiyyat da az və ya çox dərəcədə qlobal iqtisadi proseslərdən asılı vəziyyətə düşür".

 

Onun sözlərinə görə, bu, hazırkı beynəlxalq iqtisadi münasibətlər sisteminin başlıca xüsusiyyətlərindən birdir: “Əgər bu gün sərnişindaşımada metronun mühüm vasitə kimi saxlanmasını, yaxud hətta onun daha da inkişaf etməsini, yeni xətlərin tikilməsini istəyiriksə, mütləq xaricdən yeni avadanlıqlar və tikinti vasitələri almalıyıq, yeni texnologiyalar əldə etməliyik ki, bu sahə inkişaf etsin. Belə olduqda qlobal bazarda olan iqtisadi şərtlər mütləq milli sektora da təsir edir. Ona görə də qiymətlərin tənzimlənməsi şərtləri yaranır. Hazırda da belə bir vəziyyətlə üzləşmişik və problemin daha böhranlı vəziyyətə çatmaması üçün müdaxiləyə ehtiyac yaranıb, Tarif Şurası da bunu edib. Əslində, hamıya bəlli faktdır ki, Azərbaycan dövləti daim sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edir. Bunun nəticəsidir ki, hətta son qiymət artımından sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı olanıdır.

 

Biz Şərqi Avropa və digər ölkələrlə müqayisə etsək, daha böyük qiymətlərlə üzləşmiş olacağıq. Ona görə də bu cür tənzimləmələri iqtisadi zərurət kimi qəbul etmək lazımdır. Dünyanın heç bir yerində heç nə 10 il əvvəlki qiymətə deyil. Ona görə də çevik iqtisadi tənzimləmələri qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul etməliyik. Tarif dəyişikliyi nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin daha da sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR