QMİ sədri Azərbaycandakı dini konfessiyaların rəhbərlərinə sabah iftar süfrəsi açacaq

QMİ sədri Azərbaycandakı dini konfessiyaların rəhbərlərinə sabah iftar süfrəsi açacaq
# 13 may 2020 20:14 (UTC +04:00)

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasında iclasında iştirak edib.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-ın 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə videoiclasda Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını, dövlə başçımızın xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb.

KAICIID Təşkilatının Baş Katibi Feysəl bin Muammar videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğulayıb.

Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAICIID-ın inkişaf strategiyası ətrafında müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi əhəmiyyətli məsələlər daxil idi. Ümumi rəy bundan ibarət oldu ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin şərait imkan verən kimi canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur.

Şeyxülislam A.Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Şanti Aşram təşkilatının direktoru Kezevino Aram, habelə Beynəlxalq Mərkəzin məsul əməkdaşları videokonfransda iştirak etdilər. Onlayn sessiya məhsuldar keçib.

QMİ sədri Şeyxülislam A.Paşazadə videokonfrans iştirakçılarına məlumat verib ki, sabah Azərbaycandakı dini konfessiyaların başçıları həmrəylik nümayiş etdirərək oruc tutub iftar süfrəsinə təşrif buyuracaqlar: “Bu məclisdə birgə dualar ediləcək, Uca Yaradandan Vətənimiz və bütün dünyanın salamatlığı, ümumi bəladan xilas olmamız üçün ümumi istəklərimiz dilə gətiriləcək, Xaliqimizə xoş gedən dinlərarası dialoq və konfessiyalararası mənəvi harmoniya bariz nümayiş etdiriləcək”.

Məlumat üçün bildirək ki, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR