XİN: Ermənistan AİHM-in “Çıraqov və digərləri Ermənistana qarşı” adlı qərarının icrasına başlamalıdır - BƏYANAT

XİN: Ermənistan AİHM-in “Çıraqov və digərləri Ermənistana qarşı” adlı qərarının icrasına başlamalıdır - BƏYANAT
# 10 iyun 2020 14:58 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

XİN-dən APA-ya daxil olan bəyanatda deyilir:

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı nifrət nümayiş etdirən çıxışları ilə ittiham etməyə cəhd göstərən son açıqlamaları bu ölkənin beynəlxalq qurumların qəbul etdiyi qərarları özbaşına və seçilmiş şəkildə şərh etmək təcrübəsini bir daha üzə çıxarır. Ənənəvi əsassız iddialarını səsləndirməklə, Ermənistan beynəlxalq birliyi yanıltmaq və diqqəti öz irqçi siyasətindən və nifrət zəminində törətdiyi cinayətlərdən - Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun qeyri-qanuni hərbi işğalından və təcavüz zamanı yüz minlərlə azərbaycanlının insan hüquqlarının və əsas azadlıqlarının ciddi şəkildə pozulması faktından yayındırmaq məqsədi güdür.

Azərbaycana qarşı müharibəni başlatdığına və beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə bir hissəsini zəbt etdiyinə görə tam məsuliyyət daşıyan, işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirən, münaqişə zamanı digər ağır cinayətlər törədən, irqçi ideologiyanı müdafiə edən və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, habelə digər beynəlxalq təşkilatların qərar və sənədlərinə açıq-aşkar laqeydlik göstərən Ermənistan, özünün davamlı şəkildə pozduğu standartlar və dəyərlərlə başqalarını ittiham edə bilməz.

Ermənistan bütün qeyri-erməniləri, o cümlədən azərbaycanlıları ölkədən qovmaqla monoetnik ölkəyə çevrilmişdir. Ermənistan, etnik cəhətdən homogen ərazilər yaratmaqla bağlı eyni siyasət və təcrübəsini, bütün qeyri-ermənilərin qovulduğu və oyuncaq rejimini yaratdığı Azərbaycanın işğal edilmiş ərazilərinə də tətbiq edib.

Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistan siyasətinin əsasını təşkil edir və bu ölkə rəhbərliyinin ermənilərlə azərbaycanlılar arasında "etnik uyğunsuzluğa" aşkar inamının sübutudur. Beynəlxalq ictimaiyyət dəfələrlə Ermənistanın bu cür iyrənc fikirləri açıq şəkildə təbliğ etməsinə öz etirazını bildirmiş və Ermənistanda hökm sürən dözümsüzlük ruhu və bu ölkədə həyata keçirilən ayrı-seçkilik siyasəti və təcrübələri ilə bağlı ciddi narahatlığını ifadə etmişdir.

Ermənistan, insan hüquqları standartlarına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına münasibətdə riyakarlıq və seçici yanaşmasına son qoymalı və eyni Məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı 16 iyun 2015-ci il tarixli qərarının icrasına başlamalıdır. Məlum olduğu kimi, Avropa Məhkəməsinin Böyük Palatası təqdim olunan sübutları araşdıraraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş əraziləri üzərində nəzarəti həyata keçirdiyini təsbit etmiş, Ermənistanın azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasına görə məsuliyyət daşıdığını bildirmiş və onların işğal olunmuş ərazilərdəki evlərinə və doğma yurdlarına qayıtmaq hüquqlarını bir daha təsdiq etmişdir.

Münaqişənin davam etməsinin və bunun nəticəsində bölgədə gərginliyin ara-sıra artmasının başlıca səbəbi Azərbaycan ərazilərinin qanunsuz işğalı və Ermənistanın bu vəziyyəti möhkəmləndirmək cəhdləridir. İlk növbədə Ermənistanın təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, yəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa olunması və yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin insan hüquqları və əsas azadlıqlarının, o cümlədən onların evlərinə və mülklərinə geri qayıtmaq hüququnun təxirə salınmadan təmin edilməsindən sonra sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR