“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsində hazırlanıb, çox mükəmməl bir qanun layihəsidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.
Ə. Əmiraslanov deyib ki, 20 il əvvəl belə bir qanun qəbul edilib: “Ancaq 20 il müddətində bu sahədə çoxlu sayda yeniliklər olub, yeni üsullar, transplantasiya sahəsində kəşflər var. Ona görə də yeni qanun hazırlanmalı idi”.
Komitə sədri qeyd edib ki, öncəki qanunda meyitdən orqan götürülməsi məsələsi əksini tapmayıb: “Yeni qanun layihəsində meyitdən orqan götürülməsi də əksini tapıb. Bu qanunu qəbul edəndən sonra insanlara istər canlılardan, istərsə də meyitlərdən orqan götürərək köçürülməsi əməliyyatları geniş miqyas alacaq”.
Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, meyitdən gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilərdi. Amma sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq qanun layihəsində bu müddəa əksini tapmayıb.
Məsələyə aydınlıq gətirən Ə. Əmiraslanov vurğulayıb ki, qanun layihəsi üzərində İşçi Qrupu iş aparıb, layihə bir neçə dəfə Səhiyyə komitəsində müzakirə olunub: “Qanun layihəsinə bu və ya digər müddəaları əlavə etmişik, bəzilərini çıxarmışıq. Yeri gəlmişkən, qanun layihəsinə əsasən, meyitdən o zaman icazəsiz orqan götürmək olar ki, insan sağlığında vəsiyyət etsin ki, öləndən sonra bu və ya digər orqanlarımı götürüb istifadə etmək olar. İcazə olmadan meyitdən orqan götürülməsi məsələsi isə müzakirə olunmur. Ümumiyyətlə, qanun layihəsi üzərində çox böyük iş aparılıb. Ona görə də bu gün təqdim edilən qanun layihəsi çox mükəmməldir və təcrübədə də çox gözəl işləyəcək”.