İstanbuldakı tələbələr 28 May Respublika günündə M.Ə.Rəsulzadəni yad ediblər

İstanbuldakı tələbələr 28 May Respublika günündə M.Ə.Rəsulzadəni yad ediblər
# 26 may 2019 20:54 (UTC +04:00)

İstanbulda yaşayan tələbələr və bir neçə ziyalı şəxs Azərbaycan Cümhuriyyətinin qurucusu, Ankaradakı Əsri məzarlığında uyuyan Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət ediblər.

ONA-nın Türkiyə Bürosundan verilən məlumata görə, İstanbulda təhsil alan Azərbaycanlı gənclərdən, aralarında Türkiyə türkləri də olmaqla, 30 nəfərdən ibarət heyət bu gün Ankaraya gəlib.

Gənclər öncə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü xatirə məzarlığında ziyarət ediblər. Sonra 28 May Azərbaycan Cümhuriyyətinin 101-ci illiyi münasibətilə Məhəmməd Əmin Rəsulzadəni məzarı önündə anıblar.

Anım tədbirinə M.Ə.Rəsulzadənin 1949-cu ildə yaratdığı Azərbaycan Mədəniyyət Mərkəzinin ziyalıları Səlcuk Önal, Oqtay Erol, Türkiyə Bilim və Texniki Araşdırmalar Qurumunun eksperti Fatih Şahin, Ankara Universitetinin müəllimi Nəsib Nəsibli, ilahiyyatçı Hülya Akgöz və digər şəxslər qatılıblar. Məzarlıqda çıxış edən ziyalı və gənclər M.Ə.Rəsulzadənin dövlət adamı kimi, siyasi xadim, ziyalı olaraq xidmətlərini sadalayıb, insani keyfiyyətlərindən bəhs ediblər. Həmçinin 101 il öncə Azərbaycan Cümhuriyyətinin yaradılmasında böyük xidmətləri olan digər ziyalılarımız ehtiramla yad edilib.

İstanbul Universiteti Mədəniyyət və Həmrəylik Birliyi adından çıxış edən Rəşid Mustafazadə M.Ə.Rəsulzadənin ideyalarını gerçəkləşdirmək və Azərbaycanı dünya miqyasında təbliğ etmək üçün Azərbaycan və Türkiyə gənclərinin elm sahəsində birgə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb. Gənclər M.Ə.Rəsulzadənin xanımı, polyak əsilli Leyla Rəsulzadənin də məzarını ziyarət edib, onun haqqında da öyrəndikləri məlumatları bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR