MM-in komitə sədri: “Koronavirus böyük təhlükədir, ancaq qorxmaq lazım deyil”

MM-in komitə sədri: “Koronavirus böyük təhlükədir, ancaq qorxmaq lazım deyil”
# 17 mart 2020 12:27 (UTC +04:00)

“Dünən biz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Səhiyyə Komitəsinin iclasında koronavirusla bağlı dinləmələr keçirdik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə. Əmiraslanov bildirib ki, bu dinləmələrdə ölkəmizdə koronavirusla bağlı vəziyyəti daha yaxşı bilmək üçün TƏBİB-in rəhbəri Ramin Bayramlını da dəvət etmişdik: “Dinləmələr zamanı mənim üçün də məlum olmayan bir çox məsələ deputatların diqqətinə çatdırıldı. Ölkəmizdə çox geniş, kompleks, bugünkü epidemioloji vəziyyətə adekvat olan tədbirlər həyata keçirilir. Bu gün hətta ölkəmizdə kifayət qədər avadanlıqların olmasına baxmayaraq, Prezident İlham Əliyevin tapşırığı ilə yeni ləvazimatlar ölkəyə gətirilib. Bu sahədə bir qədər kadr qıtlığı hiss olunsa da, ölkədən kənarda təhsil almış mütəxəssislərin ölkəyə gətirilməsi üçün ciddi işlər görülür və bu, nəticəsini verir. Xəstəliklə bağlı ölüm göstəricisinə baxsaq, görərik ki, bu xəstəlik o qədər də təhlükəli deyil. Ancaq dünyada bunun pandemiya elan olunmasının birinci səbəbi sürətlə yayılmasıdır. Digər tərəfdən bu xəstəliyin inkubasiya dövrü kifayət qədər uzun - 21 gündür. Xəstəliklə bağlı xüsusi dərman və vaksin müalicəsi yoxdur. Ölkəmiz bu gün ÜST-lə çox sıx təmasda işləyir. ÜST ölkəmizdə koronavirus əleyhinə aparılan tədbirlərlə yerindəcə tanış olub və bu vəziyyəti yüksək qiymətləndirməklə bərabər, bir çox çatışmazlığı da qeyd edib. TƏBİB-in rəhbəri dünən qeyd etdi ki, onlar Çin Xalq Respublikasından olan mütəxəssislərlə də sıx əlaqədə işləyirlər. Ölkəmizdə bu təhlükəli xəstəliklə mübarizə aparmaq üçün bütün tədbirlər görülüb. Ölkəmizdə 27 nəfər koronavirusa yoluxub, 1 nəfəri dünyasını dəyişib. Həmin şəxs də digər İranda müalicə olunub, digər ağır xəstəliklərdən əziyyət çəkib”.

Millət vəkili qeyd edib ki, məsələnin ikinci tərəfi əhalinin bu məsələyə yanaşma tərzi ilə bağlıdır: “Azərbaycanda vətəndaşlar öz yaxınlarını karantindən çıxartmağa cəhd edir. Bunu qeyd etməliyik ki, bir nəfər virus daşıyıcısı bir neçə yüz insanı xəstələndirə bilər. Ona görə də karantinə çox ciddi fikir verməliyik. Sosial izolyasiya prosesi də ölkəmizdə çox zəifdir. İnsanlar ailəliklə, toplu şəkildə mağazalara və digər yerlərə gedirlər. Bu, böyük təhlükədir. Koronavirus təhlükəli xəstəlikdir və bu epidemiyadan qorxmaq lazımdır. Ancaq təşvişə düşmək olmaz. İnsanlar sadəcə dərk etməlidir ki. bu virus çox təhlükəli virusdur. Hər birimiz şəxsi gigiyena və sosial izolyasiya ilə bağlı tədbirləri görməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR