Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarına start verilib.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, öncə 56 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular “Uruçye Arena”nın rinqinə çıxıblar.
Azərbaycan yığmasının heyətində qüvvəsini sınayan ilk boksçu Tayfur Əliyev olub. O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.
Qeyd edək ki, bu gün daha iki boksçumuz rinqə çıxacaq.