“Artıq konvalesent immun plazma, yəni virus infeksiyası keçirmiş və sağalmış insanlardan toplanan plazmalarla kritik ağır xəstələrin müalicəsinə başlamışıq. Bu müalicə üsulunda koronavirus keçirmiş və sağalmış insanların qanında xüsusi virus əleyhinə anticismlərin olması nəzərdə tutulur. 14-28 gün arasında bu cür donorlardan plazma toplanılır. Süni tənəffüs cihazına bağlı olan kritik ağır xəstələrdə venadaxili infuziya olunur”.
APA xəbər verir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib.
O bildirib ki, donorlar 18-60 yaş arasında sağlam və koronavirus keçirmiş insanlardır: “Vurğulamaq istəyirəm ki, bu insanlarda 14 gün ərzində heç bir klinik əlamət olmamalı, təkrar götürülmüş koronavirus testi neqativ olmalıdır. Bütün mərhələləri keçəndən sonra donorlar bütün beynəlxalq standartlara uyğun olaraq donorluq müayinələrindən keçirlər. Hazır olduqdan sonra xüsusi aferez cihazları vasitəsilə periferik qandan plazma toplanılır. Aferez proseduru təxminən 45 dəqiqə çəkir. Donorun həyatı üçün heç bir təhlükə daşımır. İnfeksiya riski ciddi şəkildə məhdudlaşdırılır, çünki aferez proseduru zamanı birdəfəlik steril setlər istifadə olunur. Prosedurdan sonra donorlar sağlam şəkildə normal həyatlarına qayıda bilərlər. Toplanmış plazmalar bölünərək 4-6 saat ərzində kritik ağır xəstələrə istifadə oluna və ya dondurularaq saxlanılaraq sonra uyğun kriteriyaları olan xəstələrdə istifadə oluna bilər”.