Xüsusi buraxılış rejiminin tətbiqi ilə bağlı bu gün səhər saatlarında Moskva metrosunda uzun növbələr yaranıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, buna səbəb koronavirus (COVID-19) epidemiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində şəhərdə xüsusi buraxılış rejiminin tətbiq edilməsi olub. Metro stansiyalarının girişində polis patrulları metroya daxil olan vətəndaşların xüsusi buraxılış icazəsinin olub-olmamasını tək-tək yoxlayıblar. Nəticədə insanlar metrodan istifadə etmək üçün 40-50 dəqiqə növbə gözləməli olublar.
Qeyd edək ki, Moskvada koronavirusun yayılması tempində kəskin artımın müşahidə olunması ilə bağlı hökumət aprelin 13-də xüsusi buraxılış rejiminin tətbiqinə qərar verib. Aprelin 15-dən isə paytaxt sakinlərində xüsusi buraxılış icazəsinin yoxlanılmasına başlanılıb. Qaydalara əsasən, Moskva sakinləri şəhərdə sərbəst hərəkət etmək üçün mos.ru portalında qeydiyyatdan keçməlidirlər. Eyni zamanda sakinlərdən şəxsi avtomobillərini də qeydiyyatdan keçirmək tələb olunur. Əks təqdirdə böyük cərimələrin tətbiq olunacağı bildirilib.