Bu ilin I rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə), materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 430,2 mln. ABŞ dolları təşkil edib.
"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 180,9 mln. dollar xərcləyib.
Hesabata görə, şirkətin bu ilin birinci rübündə xarici podratçıların ölkə daxilində məsrəflərinə 166,7 mln. dollar xərcləyib.
Bundan başqa, hesabat dövründə 190 kiçik və orta müəssisə üzrə BP-nin xərcləri 73,3 mln. dollar, 19 dövlət şirkəti üzrə isə 9,2 mln. dollar təşkil edib.
Qeyd edək ki, ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə), materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 485,1 mln. dollar təşkil edib.