"Neftçi"nin baş məşqçisi: "Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin"

"Neftçi"nin baş məşqçisi: "Heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin"
# 06 may 2019 00:16 (UTC +04:00)

"Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Bundan daha çox öz futbolçularımızı təbrik edirəm. Çünki mükəmməl mövsüm keçirdilər".

ONA-nın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis Topaz Premyer Liqasında XXVII turun "Qəbələ” ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

Komandanın çempionluq uğrunda sonadək mübarizə apardığını bildirən R.Bordin klubunun saytına titulsuz qalmağın məsuliyyətini üzərindən atmadığını da qeyd edib: "Titulu qazanmaq uğrunda sonadək mübarizə apardıq. Bu cür gözəl kollektivin baş məşqçisi olduğum üçün qürur duyuram. Sonadək mübarizə apardığına görə kollektivə bir daha təşəkkür edirəm. Bu futbolçulara qarşı çox sözlər deyilə bilər. Amma mövsümboyu onlarla mən işləmişəm və necə əziyyət çəkdiklərini bilirəm. Futbolçularımın hər biri ilə fəxr edirəm”.

Ardınca baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Həyatda hər bir insanın səhvi ola bilər. Mən də məşqçi kimi bəzən səhvlər edə bilərəm. Məsuliyyəti üzərimdən atmıram. Komandanın hər bir uğuruna və uğursuzluğuna görə məsuliyyəti mən daşıyıram. Uşaqlar sonadək vuruşub göstərdilər ki, əslində, çempionluğa layiqdirlər. Əlbəttə, titulu qazanmaq istəyərdik. Buna baxmayaraq, heç kimə imkan vermərəm ki, əziyyətimizin üstündən xətt çəksin. Düzdür, son turdakı oyunun əhəmiyyəti qalmayıb. Bununla belə, biz hər oyuna qələbə üçün çıxırıq. Çox güman ki, eksperimental heyət olmayacaq. Həftə ərzində özünü ən yaxşı tərəfdən göstərənlər meydana çıxacaqlar”.

Qeyd edək ki, “Neftçi” Qəbələdə eyniadlı komandaya 3:1 hesabı ilə qalib gəlsə də, çempionluq şansını itirib. Gümüş medalı təmin edən bakılılar tarixində 17-ci dəfə mükafat qazanmaqla rekordlarını yeniləyiblər. Çempion tituluna isə "Qarabağ" yiyələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR