Yevlaxda 8 km uzunluğa malik avtomobil yolu yenidən qurulub

Yevlaxda 8 km uzunluğa malik avtomobil yolu yenidən qurulub
# 23 aprel 2020 10:42 (UTC +04:00)

Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilən mühüm tədbirlər çərçivəsində Yevlax rayonu ərazisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulub.

AAYDA-dan APA-ya verilən məlumata görə, başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü km-dən götürən Yevlax rayonunun Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxıb.

8 km uzunluğa malik Xaldan-Ərəş-Meyvəli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilib. Belə ki, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində addımlar atılıb.

Yol yatağı hazır olandan sonra qum-çınqıl qarışığından ibarət əsasın alt və üst layının tikintisi işləri də görülüb. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə edilib. Ümumilikdə sözügedən torpaq işləri 80 min kv.m-dən çox ərazini əhatə edib. 32 min kv.m-ə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də aparılıb.

Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq, iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 sm qalınlıqda asfaltlanıb. Bu işlər 50 min kv.m-ə yaxın ərazini əhatə edib.

Qeyd edək ki, tikinti işlərinin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanı və göstəricilər, siqnal dirəkləri quraşdırılıb, yolun xətlənməsi işləri görülərək ərazi boyu yeni yol infrastrukturu yaradılıb.

Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub, 3 yaşayış məntəqəsinin 6 mindən çox əhalisinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü km-nə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşıb. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR