Avropa "Brexit"dən daha güclü sarsıntılar ərəfəsində - TƏHLİL

avropa brexit den daha guclu sarsintilar erefesinde tehlil
İtaliyada lirə, Fransada frank yenidən tədavülə buraxıla bilər

Britaniyanın Avropa İttifaqının tərk etməsi proseduruna bir il əvvəl start verilsə də, ötən müddət ərzində “Brexit”lə bağlı siyasi və sosial sarsıntılar sakitləşib. Lakin ehtimal olunur ki, yaxın zamanlarda “Brexit” sarsıntıları Avropa İttifaqını (kiçik miqdarda), Böyük Britaniyanı (ciddi səviyyədə) yenidən "tərpədəcək". İlk əvvəl hər şey maliyyə bazarlarından başlayacaq ki, sonradan çox güman ki digər sahələrə keçəcək. Lakin “Brexit”dən başqa Avropa İttifaqını yeni "imtahan" gözləyir.

 

 

“Brexit”in yanaşı amilləri

 

 

Britaniyanın Aİ-dən çıxması ilə bağlı digər üzdə olan amillərdən başqa ciddi bir məsələ ortaya çıxıb. Söhbət maliyyə bazarında, xüsusən də törəmə qiymətli kağızları (derivativ) üzrə klirinqin aparılmasından gedir. London ümumi maliyyə mərkəzdir və bununla belə həm də klirinq mərkəzidir. Hazırda klirinq əməliyyatlarının, ümumilikdə klirinqin aparılması Londondan Aİ-nin ərazisinə keçirilməsi məsələsi ciddi müzakirə olunur. Və müzakirələr artıq fikir ayrılıqlarına gətirib çıxarmaqdadır. Belə ki, Aİ-nin müvafiq tənzimləyiciləri, xüsusən də Avropanın qiymətli kağızlar bazarına nəzarəti üzrə İdarəsi belə bir qərar qəbul edib ki, iri maliyyə qurumları, o cümlədən klirinq mərkəzləri Londonu tərk edərək əsas qərargahı olan ölkəyə köçürülsün. Daha dəqiq, Aİ-nin tənzimləyicisi təklif edir ki, derivativlər üzrə kiçik klirinq təşkilatları öz fəaliyyətlərini indiki kimi davam edə bilər, amma sistem əhəmiyyətli klirinq təşkilatları Aİ-nin ərazisinə keçirilməlidir və bu prosesdə əsas qərargah ölkələri prioritet olmalıdır. Lakin bu təklif bir sıra ölkələrin müqaviməti ilə üzləşir. İsveç, İspaniya, İrlandiya, Fransa, Almaniya kimi ölkələr Avropa Komissiyasının və tənzimləyicinin bu qərarına qarşıdır və Avropa Komissiyasına xüsusi sənəd göndərərək bir sıra məqamları bəyan edir. Məsələn, Aİ tərəfindən irəli sürülən iri klirinq təşkilatlarına əsas qərargah ölkələrinə köçürülməsi ilə bağlı təzyiq edilməsi tənqid edilir. Sonra Aİ-nin yeni klirinq mərkəzlərin yaradılması prosesində milli mərkəzi bankların iştirak etməsi təklifi də ciddi müqavimətlə üzləşir. Hələlik Aİ maliyyə rəhbərliyinin və Avropa Komissiyasının mövqeyi məlum deyil, lakin əmin olmaq olar ki, müzakirələr çətin şəraitdə keçəcək.

 

Bu klirinqlə bağlı məsələ konkret xarakter daşıyır, buna görə də biz onu xüsusən qeyd etmişik, amma “Brexit”lə bağlı buna oxşar bir çox mübahisəli məsələlər var. Məsələn, Londonu bir sıra maliyyə qurumları, o cümlədən iri banklar və investisiya şirkətləri tərk edir və onlara sahiblənmək üçün artıq “gizli müharibə" getməkdədir. Söhbət onların Londonu fiziki şəklində tərk etməsindən getmir - bu vacib və təsiredici məsələ olsa da, London maliyyə bazarının tərk etməsi ondan da əhəmiyyətli nəticədir. Yeri gəlmişkən, derivativlərə dair klirinq mərkəzlərin məsələsi məhz bu prosesin tərkib hissəsidir. Bəzi ölkələr (məsələn, Fransa) Britaniyanı tərk edib məhz Parisi seçib "yer salan" maliyyə qurumları üçün qeydiyyat prosesində müxtəlif güzəştlər və asanlaşmış qeydiyyat rejimi təklif edir. Bundan əlavə fond platformaları da London Fond Birjasını tərk etmək məcburiyyətində olan və ya niyyətində olan, və ya bu barədə fikirləşən maliyyə və digər qurumları, peşəkar bazar iştirakçıları, emitent və investorlara özlərini fəal olaraq təklif edir. Son zamanlar bu istiqamətdə Nasdaq Stockholm (Nasdaq birjasının törəməsi olan Nasdaq Nordic meydançasının seqmenti) birja platformasının fəallığı artıb və artıq indi bu seqment London fond birjası ilə ilki yerləşdirmə sayı üzrə birinci-ikinci yerləri bölüşdürür. Daha bir misal: Avropanın maliyyə tənzimləyici orqanları və iri və orta maliyyə qurumları indi risklərin idarə edilməsi üzrə mütəxəssislərinə kütləvi şəkildə işə qəbul elanı verib. Həmin mütəxəssislər biznesin Britaniyadan Aİ-nin ərazisinə köçürülməsi prosesində iştirak edəcək və bu prosesi müəyyən dərəcədə idarə edəcəklər. O cümlədən, Goldman Sachs, Citigroup və Morgan Stanley kimi nəhəng qurumlar, Almaniyanın maliyyə tənzimləyicisi Bafin, İrlandiya və Fransa mərkəzi bankları müvafiq işə qəbul elan ediblər. Bu onu göstərir ki, maliyyə bazarlarının bütün seqmentlərində İngiltərə "varisi" üzrə mübarizə gedir ki, bu da Aİ-də bu prosesin sağlam rəqabət çərçivəsində aparılmasına nəzarətini zəruri edir. Bu isə öz növbəsində tənzimləyici orqanlarının və Avropa Komissiyasının işini nəzərə çarpan dərəcəsində çətinləşdirir.

 

 

“Brexit”dən əlavə çətinliklər

 

 

Lakin Aİ və onun müvafiq qurumları bütün bu çətinliklərin öhdəsindən gələ bilər, xüsusən də o səbəbdən ki, birlik buna hazır idi. Amma bəzi məqamlar var ki, onlara hazır olmaq mümkün deyil və onlar Aİ-ni “Brexit”dən fərqli olaraq ciddi sarsılda bilər. Əlbəttə ki, əgər həmin amillər reallaşsa. Son günlər gündəmə yeni bir ideya çıxıb ki, onun təhlükəsi hələlik lazımı səviyyədə qiymətləndirilməyib. İtaliyanın bəzi müxalif partiyaları ölkədə yeni valyuta sxeminin yaradılması təklifi ilə çıxıb ediblər. Söhbət lirənin yenidən bərpasından və onun avro ilə bərabər hüquqlu dövriyyəyə buraxılmasından gedir. Əsas arqument kimi o qeyd olunur ki, əgər İtaliyada bank böhranı başlasa və tədricən maliyyə, sonra isə iqtisadi böhrana çevrilsə və eyni zamanda Avropa Mərkəzi Bankı maliyyə dəstəyinin təqdim edilməsinə ləng yanaşsa və ya əlavə siyasi və sosial şərtlərini irəli sürsə, o zaman İtaliya Mərkəzi Bankının müdaxilə etmək imkanları olacaq, çünki yerli valyuta mövcuddur. Faktiki olaraq, bu ideya avrodan iki pilləli şəkildə imtina etmək təklifi kimi dəyərləndirilə bilər. Əgər lirənin dövriyyə buraxılmasından sonra iqtisadiyyatda mənfi proseslər yaranmazsa, hətta müsbət nəticələrin olmadığı halda İtaliya əhalisini və seçicilərini asanlıqla əmin etmək mümkün olacaq ki, avrodan imtina etmək heç bir mənfi nəticə verməyəcək. Siyasi partiyaların və müxtəlif sosial təşkilatlarının sorğuları bu ideyanın əhali arasında populyar olduğunu göstərir. Bundan əlavə İtaliyanın akademik dairələrinin nümayəndələri bildirir ki, texniki baxımından yeni lirənin buraxılması mümkündür.

 

Nəticədə bu müzakirələr Avropa Komissiyasını ciddi şəkildə narahat etməyə başlayıb. Bundan başqa maliyyə bazarları da reaksiya verməkdədir ki, investorlar fəal olaraq İtaliyanın dövlət qiymətli kağızlarını kütləvi şəkildə satır. Buna səbəb o deyil ki, yeni lirənin perspektivlərinə inanmırlar, sadəcə bəzi hallarda keçid dövrü maliyyə bazarlarında qeyri-müəyyənliklər və hətta dövlət qiymətli kağızları üzrə ödəmələrin dondurulması ehtimalı ilə müşayiət oluna bilər. Təhlükə olanda isə investorlar əlavə risk etmək niyyətində deyil. İtaliyadan sonra fransız siyasətçisi Mari Le Pen də frankın bərpası təklifini irəli sürüb.

 

Bütün bunlar Aİ ərazisində onsuz da “Brexit”lə bağlı problemlərin sayını artırır ki, Avropa iqtisadiyyatının bu təhlükələrlə necə bacaracağı sual altındadır. Hələlik hər şey normal gedir, iqtisadiyyat bərpa olunur və bunu əsas göstərici olan ÜDM-in templəri göstərir. Belə ki, Aİ-nin məcmu iqtisadi artımı 2017-ci ilin ikinci rübü üzrə illik müqayisədə 2,4% təşkil edib, Avrozona üzrə həmin göstərici 2,3%-ə bərabərdir. Maraqlıdır ki, ən aşağı iqtisadi artım templərindən biri İtaliyada müşahidə olunur və 1,5% təşkil edir. Lakin eyni zamanda ötən ilin ikinci rübündə iqtisadi artım cəmi 1,2% təşkil edib ki, yəni il ərzində nəzərə çarpan dərəcədə düzəliş müşahidə olunur. Bunun fonunda iqtisadiyyatda ciddi və dönməz dəyişikliklərin təklif edilməsi müəyyən dərəcədə izaholunmazdır.

 

Britaniyada isə, əksinə, “Brexit”in mənfi təsiri artıq görünməkdədir, çünki burada 0,2 faiz bəndi səviyyəsində azalma müşahidə olunub və iqtisadi artım 1,7%-ə bərabərdir. Gözləmək olar ki, Avrozonada iqtisadi vəziyyət daha da düzələcək, çünki Avropa Mərkəzi Bankının İdarə Heyəti sentyabrın 7-də keçirilmiş iclasında monetar siyasətini dəyişməz saxlayıb. Müşahidəçilər gözləyirdi ki, AMB monetar siyasətinin sərtləşdirilməsi istiqamətində müəyyən addımlar ata bilər, çünki bunun üçün əsaslar var: iqtisadi artım artıq formalaşıb, deflyasiya təhlükəsi yoxdur və işsizlik səviyyəsi daimi azalmaqdadır. Xatırladaq ki, hazırda AMB-nin faiz dərəcələri rekord aşağı səviyyədədir, aktivlərin geri alınması proqramı çərçivəsində isə hər ay 60 mlrd. avro həcmində qiymətli kağızlar geri alınır. AMB öz qərarı ilə mesaj göndərib ki, birincisi, iqtisadi artımın bərpası hələlik dönməz xarakteri almayıb, ikincisi, istehsal sahəsində likvidliyin təmin edilməsi üçün hələlik dəstəyə ehtiyac var.

 

Ola bilər ki, Avropa Mərkəzi Bankı qərar qəbul edəndə tək iqtisadi amilləri deyil, “Brexit”, İtaliya, miqrasiya məsələsi kimi siyasi və sosial amilləri də nəzərə alıb. Vəziyyətin ən pis ssenari üzrə inkişaf etsə, bu amillər Avropa iqtisadiyyatına yenidən azalma təsiri göstərəcək.

 

Hələlik “Brexit”lə bağlı bütün məsələlər, İtaliyada lirənin bərpası cəhdləri iqtisadiyyata mənfi təsir edəcək amillər kimi qiymətləndirilə bilər. Bazarlar artıq İtaliyanın lirəni bərpa niyyətinə reaksiya verməyə başlayıb, “Brexit”in iqtisadiyyata təsiri isə bir ilə yaxındır ki, davam edir.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287