Borc içində üzən Avropa İttifaqı - TƏHLİL

borc icinde uzen avropa ittifaqi tehlil

Avropa iqtisadiyyatının ən kəskin problemlərindən biri ölkələrin dövlət borclarının iri həcmləridir. Bu, iqtisadi artımı nəzərə çarpan dərəcədə ləngidir. Avropa Statistika Qurumunun (Eurostat) məlumatlarına əsasən, bu ilin ikinci rübünün yekunlarına görə, Avropa İttifaqının 28 ölkə üzrə məcmu dövlət borcu məcmunun ÜDM-ə nisbəti 84,3% təşkil edib. Bu, birinci rübün yekunları ilə müqayisədə 0,2 faiz, ötən ilin ikinci rübün nəticələri ilə müqayisədə isə 3,2 faiz azdır. Avrozona üzrə göstəricilər daha neqativdir. Belə ki, Avrozonaya daxil olan 19 ölkə üzrə dövlət borcların ÜDM-ə nisbəti 91,2% təşkil edib ki, bu da rüblük müqayisədə 0,1 faiz, illik müqayisədə isə 0,9 faiz aşağıdır. Göründüyü kimi, ümumi azalma tendensiyası müşahidə olunur, amma birincisi, azalma tempi çox kiçikdir, ikincisi isə, göstəricilər özü misli görünməmiş səviyyədə yüksəkdir.

 

Müasir dünya iqtisadiyyatında dövlət borclarının ÜDM-in yarısından çoxunu, hətta ondan yüksək rəqəmə bərabər olması adi və normal haldır, amma bəzi ölkələrdə dövlət borclanmasının həcmləri inanılmaz miqyasları alıb. “Lider” ölkə, əlbəttə ki, Yunanıstandır – burada dövlət borcu ÜDM-in 179,2 faizinə bərabərdir, ən aşağı göstərici isə Estoniyadadır - 9,7%. Ümumilikdə, dövlət borcların ÜDM-ə nisbəti üzrə ölkələrə dair paylaşma aşağıdakı kimidir (%):

Göründüyü kimi, 10 ölkədə Avropa İttifaqının orta göstəricidən yüksək göstərici müşahidə olunur ki, bunların sırasında bəzi ölkələr seçilir. Bunlar ilk növbədə Yunanıstan, İtaliya, Portuqaliya, Kipr və İspaniyadır. Qeyd edək ki, bu ölkələr, üstəgəl İrlandiya 2011-ci ildə Avropada suveren borclar böhranı baş verəndə, ön cəbhədə yer alıblar, daha dəqiq desək böhranın yaradıcılarından olublar. Həmin ölkələrdə dövlət borcları o həddə çatıb ki, nəinki xarici, həm də daxili ödənişlər üzrə defolt vəziyyətinə düşüblər. Fiskal, büdcə sistemi iflicə yaxın olub, sosial ödənişlərdə çətinliklər müşahidə olunub və Avropa İttifaqından maliyyə yardım alınıb. O vaxtdan bu günə yalnız İrlandiya vəziyyətini tam olaraq sağlamlaşdırmağa müvəffəq olub, çünki indiki 78 faizlik göstərici nisbətən yüksək hesab olunsa belə, Avropanın indiki iqtisadi durumu üçün normaldır. Kədərləndirici hal odur ki, qeyd olunan digər 5 ölkədə müsbət tendensiya müşahidə olunmur. Belə ki, illik müqayisədə Yunanıstanda dövlət borcun ÜDM-ə nisbəti 9,2 faiz, dövlət borcun mütləq həcmi isə 4,7 faiz artıb, İtaliyada birinci göstərici 0,1 faiz, ikinci göstərici 2 faiz, Portuqaliyada birinci göstərici 3 faiz, ikinci göstərici isə 5,7 faiz artıb.  Kiprdə müvafiq olaraq 1,7 faiz və 1,2% azalma və İspaniyada 0,7 faiz və 4,6 faiz artım qeydə alınıb. Göründüyü kimi, yalnız Kiprdə kiçik azalma baş verib, amma ümumi mənzərəni nəzərə alanda, dövlət borcu ÜDM-nin 109 faizinə bərabər olub. Yəni azalma həqiqətən də nəzərə çarpan hesab oluna bilməz və hər hansı tendensiyanın göstəricisi kimi qəbul edilməməlidir.

 

Ümumilikdə, Avropa İttifaqı üzrə dövlət borcunun məcmu həcmi 12,5 trln. Avrodur, bunun 9,679 trln. avrosu Avrozonanın payına düşür. Həqiqət, bu, misli görünməmiş bir məbləğdir və müəyyən mənada ABŞ-ın dövlət borcunun həcmi ilə müqayisə olunandır. Xatırladaq ki, ABŞ-ın dövlət borcu 20 trln. dollar və ya təxminən 18,3 trln. avroya bərabərdir. Amma burada çox böyük fərqləndirici bir amil var. ABŞ-ın dövlət borcu yalnız kağız üzərində, rəqəm miqyası baxımından iqtisadi problem kimi görünür, əslində isə problem deyil. Yəni ABŞ dünya miqyasında, dünyanın hər yerində məmnuniyyətlə qəbul olunan məhsul istehsal edir ki, bu da dollardır. Nəzəri cəhətdən, ABŞ istənilən an dövlət borcunu yeni 20 trln. dolların çap edilməsi ilə tam ödəyə bilər və bunun ABŞ-ın özü üçün hər hansı ciddi uzunmüddətli problem yaratması ehtimalı sıfıra bərabərdir. Faktiki olaraq, ABŞ bütün çap edilən dolları ölkənin xaricinə xarici borcun ödənilməsinə yönəldərək, ÜDM-lə təmin edilməmiş yeni pul kütləsinin iqtisadiyyata təsiri amilini sıfıra endirə bilər. Amma buna ehtiyac yoxdur, ABŞ dövlət borcunu təbii yollarla idarə edir və “çap” üsuluna keçsə də, bunu ehtiyatla edir. Avropa İttifaqında belə bir üsul heç nəzəriyyə olaraq da mümkün deyil, çünki otuza yaxın ölkə var və hamı bir-birinə borcludur, hamının maliyyə və digər qurumları hamının borc alətlərinin saxlayıcılarıdır, “çap” üsulu heç bir formada mümkün deyil. Yalnız hansısa ölkəyə maliyyə dəstək lazım olanda Avropa Mərkəzi Bankı “sandığa” əl ata bilər. Nəticədə, təəssüf ki, Avropa İttifaqının üzvlərinin dövlət borclarını ABŞ-la müqayisə etmək metodoloji baxımından da düzgün deyil. Bu da o deməkdir ki, əgər ABŞ-da dövlət borcu problem deyilsə, Avropada bu, problemdir. Həm də bu problem böhranlara səbəb olma və ölkələri müflis vəziyyətinə salma qüvvəsinə malikdir.

 

Avropanın dövlət borclarının strukturuna nəzər yetirəndə, daha bir məqam diqqət çətir. Belə demək olar ki, bütün öz valyutasına sahib olan və Avrozonaya daxil olmayan ölkələrdə dövlət borcunun ÜDM-ə nisbəti aşağıdır və ya nisbətən aşağıdır. Bunun əsas izahı kimi onu qeyd etmək lazımdır ki, həmin ölkələr maliyyə, pul-kredit, o cümlədən borclanma siyasətini müstəqil olaraq və öz valyutasının qüvvəsini nəzərə alaraq irəli sürə bilir. Avrozona ölkələrində belə imkan yoxdur, hər şey Avropa Mərkəzi Bankı tərəfindən tənzimlənir. Bu səbəbdən də, və ilk növbədə borclanma siyasətini tənzimlənmə məsələsinə görə, indi Avropa İttifaqına daxil olan, Avrozonaya isə daxil olmayan ölkələr bu zonaya daxil olmağa yumşaq desək, tələsmir.

 

Hər halda hazırda dövlət borcları məsələsi Avropa İttifaqında və xüsusən də Avrozonada əsas iqtisadi problemlərdən olaraq qalır və cəmi bir neçə il əvvəl İrlandiya, Portuqaliya, Yunanıstanda baş vermiş büdcə böhranlarının başqa bir ölkədə baş verəcəyini kim istisna edə bilər?

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda avtomobil ehtiyat hisseleri yanib
    Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb
  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ