Neft bazarında böhran, yoxsa təkamülün yeni mərhələsi? - TƏHLİL

neft bazarinda bohran yoxsa tekamulun yeni merhelesi tehlil

İki il əvvəl başlanmış neftin ucuzlaşması prosesi nəticəsində dünyada yeni yataqların kəşfiyyatı prosesi dayanmasa da, kəskin azalıb. Hazırda aparıcı neft hasilatçıları geoloji kəşfiyyata daha az vəsait sərf edir. Bu da neft ehtiyatlarının tədricən azalması təhlükəsi yaradır. Vəziyyət bazarda neft kəsirinə səbəb ola bilər ki, bir tərəfdən bu, neftin qiymətlərini əvvəl-axır qaldıra bilər, digər tərəfdən isə uzunmüddətli perspektivdə neft erasının ümumiyyətlə başa çatması ilə nəticələnə bilər.

 

“Wood Mackenzie” konsaltinq şirkətinin hesablamalarına görə, 2015-ci ildə yeni kəşf edilmiş neft yataqlarının və perspektiv strukturlarının sayı son 70 il ərzində müşahidə olunan ən aşağı göstəricidir. Ötən il cəmi 2,7 mlrd. barel ehtiyata malik neft yatağı aşkarlanıb ki, bu göstərici sonuncu dəfə 1947-ci ildə qeydə alınıb. Bugünkü statistika onu göstərir ki, bu il vəziyyət daha da gərgin olan bilər. Belə ki, iyulun sonuna kimi yeni ehtiyatların həcmi cəmi 740 mln. barelə bərabərdir. Bu il ərzində dünyada cəmi 209 yeni quyu qazılıb, halbuki ötən il bu göstərici 680, 2014-cü ildə isə 1167 quyu təşkil edib. Qeyd etmək lazımdır ki, artıq 50 ildir ki, həmin göstərici 1,5 mindən aşağı düşmürdü. Bu fakt əyani göstərir ki, son iki ildə neft kəşfiyyatı sahəsində vəziyyət olduqca gərginləşib. Bunun bir neçə səbəbi var ki, bunun əsası neftin qiymətləri ilə bağlıdır.

 

Məlumdur ki, 2014-cü ilin ortalarında neftin qiyməti 110-115 dollar təşkil edib, daha sonra neft ucuzlaşmağa başlayıb və hazırda 43-47 dollar çərçivəsindədir. Nəticədə, neft şirkətləri iri həcmində itkilərlə üzləşiblər. Söhbət neft şirkətlərinin ziyana işləməsindən getmir, şirkətlərin əldə etdikləri gəlirlər kəşfiyyata ciddi vəsaitlər ayırmağa imkan vermir. “Wood Mackenzie” şirkətinin hesablamalarına görə, əgər 2014-cü ildə neft şirkətlərinin kəşfiyyat xərcləri 100 mlrd. dollar təşkil edibsə, 2016-cı ildə bu rəqəm cəmi 40 mlrd. dollara bərabərdir. Proqnozlara görə, kəşfiyyata ayrılan xərclər hələ iki üç il bu səviyyədə qalacaq. Yalnız qiymət amili nəzərə alınmaqla belə bir proqnoz irəli sürmək olar, lakin aydındır ki, bu amil yeganə deyil. Belə ki, dünya neft sənayesi indi o həddə çatıb ki, dünyada mövcud olan yataqlar artıq kəşf edilib, hətta onların əksəriyyəti artıq işlənilir, ehtiyatları artırmaq üçün əsasən çətinliklə gedilə bilən ərazilər, o cümlədən dərin dəniz əraziləri qalır. Bunların işlənilməsi üçün isə daha iri vəsaitlər lazımdır ki, bütün bunlar vəziyyəti daha da kəskin və ümidsiz edir.

 

Ötən ildə dünyada təxminən 400 mlrd. dollarlıq kəşfiyyat layihələri bağlanılıb və ya təxirə salınıb, bu ilin yarısında bu rəqəm 200 mlrd. dollara çatıb, yəni mənzərə düzəlmir. Belə olan halda, yaxın perspektivdə bazarda neft kəsiri yaranacaq. Nəticədə neftin bahalaşması baş verəcək, müəyyən vaxt ərzində qüvvədə qalacaq və son nəticəsində neft şirkətləri əldə etdikləri əlavə gəlirləri kəşfiyyata yönəldəcəklərsə, vəziyyət müəyyən dərəcədə düzələcək. Amma əgər əlavə gəlirlər digər sahələrə yönəldilib, kəşfiyyat işi kənarda qalacaqsa, o zaman dünya neft bazarında həqiqətən də çaxnaşma baş verə bilər.

 

Amma hər çaxnaşma və böhrandakı kimi burada da ağıllı yanaşma olsa, xeyir əldə etmək mümkündür. Aydındır ki, neft bazarında yaranan vəziyyət, yəni gözlənilən neft kəsiri şəraitində neft idxal edən ölkələr alternativ enerji mənbələrini daha da intensiv inkişaf etdirməli olacaqlar. Lakin tək idxalçılarımı? Hazırda dünyada günəş enerji istifadəsi üzrə lider ölkə Almaniyadır. Burada təsdiqlənmiş qüvvə 35 GVt təşkil edir və ümumdünya istehsalında payı 25%-ə bərabərdir. Almaniyanın planlarına görə, 2050-ci ildə ölkədə istehlak edilən enerjisinin təxminən 80 faizi alternativ enerji mənbələri hesabına formalaşacaq. Almaniyadan sonra dünyada lider ölkələr sırasında Çin (20 GVt), İtaliya (18 GVt), Yaponiya (14 GVt), ABŞ (12 GVt), İspaniya (5 GVt), Fransa (5 GVt), Böyük Britaniya (3 GVt), Avstraliya (3 GVt), Belçika (3 GVt) gəlir. Bütün bu ölkələrdə alternativ enerji mənbələrin rolunu tədricən artırmaq üçün müxtəlif inkişaf planları var.  Bəzi ölkələrdə hədəf kimi enerjinin 10-12 faizi, digərlərində isə daha iri rəqəmlər götürülür. Ümumilikdə isə, dünya miqyasında alternativ enerjidən istifadədə 10 faiz ortamüddətli norma kimi qəbul olunub, yəni əgər ölkədə bu göstəriciyə nail olunubsa, hesab etmək olar ki, alternativ enerjinin istifadəsi sahəsində müəyyən uğurlar əldə olunur. Ümumiyyətlə, günəş enerjisinin istifadəsi, aydındır ki, ənənəvi enerji mənbələrin istifadəsini azaldır, o cümlədən, neft idxal edən ölkələrə birmənalı fayda gətirir.

Lakin dediyimiz kimi, tək idxalçılara deyil. Buna ən yaxşı nümunə olaraq Səudiyyə Ərəbistanını göstərmək olar. Belə ki, hazırda ölkədə elektrik enerjisi neftin yandırılması yolu ilə istehsal olunur ki, bu da birincisi, qeyri-effektivdir, ikincisi, ekoloji baxımından sərfəli deyil. Səudiyyə Ərəbistan dünyanın kəşf edilmiş neft ehtiyatlarının 24 faizinə malikdir, neft ölkənin ixracının 90 faizini, dövlət büdcəsinin 75-80 faizini təşkil edir. Bu fonda hökumətin məntiqinə əsasən, əgər ölkə neft ixracatında dünyada lider mövqeyini saxlamaq niyyətindədirsə, alternativ enerjidən istifadəyə keçməlidir. Yəni, sadə desək, Səudiyyə özü alternativ enerjiyə keçməklə ixrac üçün müəyyən neft həcmlərini sərbəstləşdirə biləcək.

Oxşar məntiq Azərbaycanda da mövcuddur. Belə ki, hökumətin və rəsmilərin dəfələrlə səsləndirilən bəyanatlara əsasən, ölkədə alternativ enerji sektorunun inkişafı, digər məsələlərlə yanaşı, ənənəvi enerji daşıyıcıların ixracatının artırılmasına gətirib çıxaracaq. Burada söhbət tək  neftdən deyil, həm də qazdan gedir, çünki Azərbaycanda elektrik enerjisinin istehsalı ilk növbədə qaz hesabına edilir. Hökumətin məntiqinə görə, alternativ enerjisinin istifadəsi hesabına sərbəstləşən qaz həcmləri ixracata yönəldilə bilər. Hazırda Azərbaycanda alternativ enerji sahəsində müəyyən işlər aparılır və bu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Belə ki, ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. O cümlədən, müəyyən layihələr də Agentliyin himayəsi altında reallaşdırılır. Hələlik belə layihələrin sayı çox deyil.

 

Əlbəttə ki, dünyada cəmi 70-75 illik neft ehtiyatı qalması təxminən bu qədər orta ömrü olan insanları o qədər narahat etmir. Bizim ömrümüzə bəsdir, indiyədək olub və olacaq. Amma neft dövrü indiki kimi böyük çətinliklərlə keçirsə, dövlətlərin maliyyə və iqtisadi vəziyyətlərini pisləşdirirsə, alternativ yol axtarmağa dəyməzmi? Əgər oxşar vəziyyət istehlak bazarında yaransa, yəni, məsələn, benzinin qıtlığı yaranarsa, uzaqgörənlər elektromobil almaq barədə fikirləşəcəklər. Əgər proses başlanıbsa, onu saxlamaq olmayacaq - bu, təkamülün qanunudur. Neft erasının başa çatması təkamülün növbəti mərhələsinin başlanğıcıdır, o mərhələyə hazır olmaq lazımdır.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ