Xarici borclanma: borclu borclunun sağlığını istər - TƏHLİL

xarici borclanma borclu borclunun sagligini ister tehlil

Xarici ölkələrdə dövlət borcalma institutu o dərəcədə inkişaf edib ki, bəzi ölkələrdə dövlət borcunun həcmi ÜDM-ə bərabərdir. Faktiki olaraq, əgər sırf arifmetik yanaşsaq, bu, o deməkdir ki, həmin ölkələrin ümumi dövlət borcu (o cümlədən, xarici və daxili borc) ölkə tərəfindən il ərzində istehsal olunan mal və xidmətlərin dəyərinə bərabərdir. Bu dərəcədə yüksək borcalma bəzi iqtisadçılar tərəfindən mənfi qarşılanır. Belə fikirlər var ki, yüksək borcalma ölkənin iqtisadiyyatı, onun dayanıqlığı üçün təhlükə yaradır. Müəyyən mənada bu fikirlər əsaslıdır. Misal olaraq Yunanıstanı göstərmək olar. Burada həddən artıq şişmiş dövlət borcu defolta və müxtəlif iqtisadi, hətta siyasi problemlərə səbəb olub. Amma bu daha çox istisnadır, dövlət borcu alətinin düzgün istifadə edilməməsinə nümunədir. Çünki digər ölkələr hətta nisbətən yüksək dövlət borcu ilə uzun illər dayanıqlı iqtisadiyyatı qoruyur, hətta inkişaf etdirir. İlk növbədə isə Avropa ölkələri.

 

Avropa Komissiyası Avropa ölkələrinin bəzi iqtisadi göstəricilərinə dair hesabat dərc edib. Hesabatda dövlətlərin xarici borclarına dair məlumatlar da əks olunub. Qeyd edək ki, ölkələrin iqtisadiyyatlarının miqyası fərqli olduğundan iqtisadi təhlildə əsasən nisbi göstəricilər istifadə olunur, çünki əks halda hər hansı müqayisə mənasızdır. Bizim halda bu, dövlət borcunun ÜDM-ə nisbətidir. Avropa ölkələrində həmin göstəriciləri aşağıdakı cədvəldə göstərmək olar (%):

 

 

Göründüyü kimi, Avropanın bir çox ölkələrində dövlət borcun həcmi ÜDM-in yarısını təşkil edir, bəzi ölkələrdə ÜDM-ə bərabərdir, bir neçəsində ÜDM-dən də artıqdır. Bir daha vurğulamaq lazımdır ki, Yunanıstan istisna haldır, çünki burada müxtəlif amil, səbəb və addımların nəticəsində borc inanılmaz həddə çatıb ki, dövlət bu borcu artıq idarə edə bilmir. Oxşar vəziyyət 2007-2011-cu illər böhranı zamanı İrlandiya, İtaliya, Portuqaliyada müşahidə olunub. Burada indi də dövlətin xarici borclarının yüksək səviyyəsi müşahidə olunur, amma heç bir böhrandan, xüsusən də defoltdan söhbət gedə bilməz. Bütün Avropa ölkələri artıq borcalma siyasətini təkmilləşdirib ki, nəticədə yüksək borc iqtisadiyyata təhlükə yaratmır. Çünki (bu da Yunanıstanda, bəlkə əsas problemli məqam olub) xarici və daxili borclanmada yüksək səviyyəli idarəetmə sistemi, metodologiya və texnologiya mövcuddur. Sadə dildə desək, ölkələr gəlirlərinə, ÜDM-ə və digər vacib göstəricilərə söykənərək hesablamalar aparır, nə qədər, nə vaxt, kimdən və nə üçün borc almaq olduğunu müəyyənləşdirir ki, sonradan ölkənin likvidliyi baxımından daxilolmalar və ödəmələr tarazlaşdırılsın.

 

Qeyd edək ki, xarici borcların əksər hissəsi dövlət qiymətli kağızlardır ki, bunlar daha çox kütləvi borcalma alətidir. Amma hətta buna baxmayaraq, təhlükə aşağı səviyyədə qiymətləndirilir. Məsələn, yuxarıda göstərilən cədvəldən görünür ki, Avropanın ən inkişaf etmiş ölkələrində dövlətin xarici borcunun ÜDM-ə nisbəti çox yüksəkdir: Böyük Britaniyada xarici borclar ÜDM-in 90%, Almaniyada 71%, Fransada 97% təşkil edir. Qeyd edək ki, bu müəyyən mənada tam izaholunandır: belə ki, ölkə nə dərəcədə iqtisadi baxımından güclüdürsə, ona o dərəcədə borc verənlər çox olacaq. Nəticədə, həmin ölkələr böyük həvəslə borc alır, verənlər isə böyük həvəslə verir.

 

Burada maraqlı bir məqam var: yüksək dövlət borca malik olan Avropa ölkələri Avrozonaya daxildir. Həmin ölkələr öz valyutasına və pul-kredit siyasətə malik deyil, yəni ABŞ-dan fərqli olaraq dövlət borcunu istədiyi vaxtda pul emissiyası hesabına idarə edə bilmir. Bütün mütəxəssislər bilir ki, ABŞ-ın dövlət borcu nə qədər yüksək olsa da, bunun heç bir təhlükəsi yoxdur, çünki lazımı halda “çap dəzgahı” işə salına bilər və əlavə dollar hesabına borclar ödənilə bilər. Nəticədə, bu, dolların bütün dünyada yayılması səbəbindən təhlükə yaratmır, inflyasiya və dolların zəiflənməsi amilləri çox zəif olur. Avropada vəziyyət başqadır və bir çox ölkələrin yüksək dövlət borcuna malik olması onu göstərir ki, həmin ölkələr borcunun idarə edilməsi üçün yalnız iqtisadiyyatın gücünə və dayanıqlılığına arxalanır.

 

Məcazi mənada “əks mütənasib yanaşma” ilə yanaşsaq, demək olar ki, dövlət borcu az olan ölkələr öz iqtisadiyyatına o qədər də əmin deyil, buna görə də az borc cəlb edir və ya digər tərəfdən potensial borcverənlər də həmin ölkələrin perspektivlərinə elə də inamlı yanaşmır və borc verməyə “tələsmir”. Bu baxımından Azərbaycana fikir versək, ikili sual yaranır: niyə Azərbaycan kiçik həcmdə borc cəlb edir? Hazırda ölkənin xarici dövlət borcunun ÜDM-ə nisbəti 19,8% təşkil edir. Qeyd edək ki, bu nisbət ötən il kəskin artıb - ötən ilin əvvəlinə bu göstərici 8,6%-ə bərabər olub. Bunun səbəbi sadədir: devalvasiya nəticəsində ÜDM-in dollar ifadəsində həcmi kəskin azalıb, xarici dövlət borcu isə məhz dollarda hesablanır. Məsələn, 2015-ci il ərzində borcun həcminin özü 6,5 mlrd. dollardan 6,9 mlrd. dollara artıb. Yəni, çox kiçik həcmdə artım müşahidə olunur, amma ÜDM-in devalvasiya nəticəsində kəskin azalması səbəbindən nisbət iki dəfədən çox yüksəlib. Lakin hətta artmadan sonra Azərbaycan (Estoniya istisna olmaqla) bütün ölkələrdən az borc cəlb edir.

 

Biz Azərbaycana aid yalnız xarici borclardan danışırıq, çünki daxili borclanma demək olar ki, yox səviyyəsindədir. Yeri gəlmişkən, digər ölkələrdə dövlət borcunun strukturunda daxili borc heç də son rol oynamır, əksinə burada daxili investorlar (sığorta şirkətləri, investisiya fondları, banklar, hətta pərakəndə investorlar) dövlət öhdəliklərini fəal şəkildə satın alırlar.

 

Aydındır ki, neftin ucuz olması dövründə Azərbaycan kimi ölkələrin gəlirləri azalır, hələlik ehtiyatlardan istifadə olunur, amma məhz belə böhran şəraiti həmişə siyasəti dəyişməyə məcbur edir. Azərbaycan artıq üzən məzənnəyə keçib, halbuki ondan əvvəl illər ərzində hökumət bunun kəskin əleyhinə olub və məsələn, Beynəlxalq Valyuta Fondu ilə bu barədə mübahisələr olub. Dünyada qəbul edilmiş vacib şərtlərdən biri olan müasir iqtisadi alət artıq Azərbaycanda da qəbul edilib. Növbədə digərləri durur, çünki aydındır ki, köhnə, staqnasiya siyasət alətləri aktuallığını tədricən itirir, ölkədə kəskin iqtisadi islahatlar aparılmalıdır, yeni iqtisadi struktur qurulmalıdır. Buna isə vəsait lazımdır. Xarici borcalma isə bunun mənbəyi ola bilər. Bir zərbə, iki hədəf: həm vəsait cəlb olunur, həm də yeni iqtisadi siyasətinin hissəsi ola biləcək müasir borcalma institutu yaradılır. Amma Yunanıstanın gününə düşməmək üçün borcun idarə edilməsi sistemi qurulmalıdır ki, vaxt, həcm, müddət, faiz baxımından risklərin və likvidliyin idarə edilməsi aparılsın. Niyə də yox? Azərbaycan sabit və dayanıqlı iqtisadiyyata malikdir, əksər xarici institusional investorlar üçün maraqlı ölkədir, Avropa ölkələrin nümunəsində isə görünür ki, yüksək borc heç də problem deyil, əksinə inkişaf göstəricisidir.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda avtomobil ehtiyat hisseleri yanib
    Sumqayıtda avtomobil ehtiyat hissələri yanıb
  • emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub
    Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdi...
emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub emek miqrasiyasi kvotasinin tetbiqi mexanizminin tekmillesdirilmesi uzre aparilan isler teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0296
 
RR
0.0295
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ