17-18 avqust tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində I Dünya Korporativ Oyunları keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, yarışlarda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin də komandaları iştirak edərək yüksək nəticələr göstəriblər.
Belə ki, voleybol yarışlarında Azərbaycanı təmsil edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət voleybol komandası beş oyun keçirərək finala vəsiqə qazanıb. Finalda isə komanda əzmkar oyun nümayiş etdirərək Rusiyanın “Elektroprofsoyuz” komandasına 2:1 hesabı ilə qalib gələrək qızıl medala sahiblənib.
Basketbol yarışlarında A finalında mübarizə aparan FHN-in kişilərdən ibarət basketbol komandası isə bürünc medal qazanıb.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əli Bayramov stolüstü tennis üzrə qarışıq komanda yarışlarında gümüş medal əldə etməyi bacarıb.