Azərbaycanda turizm şirkətlərinin fəaliyyəti araşdırılacaq

Azərbaycanda turizm şirkətlərinin fəaliyyəti araşdırılacaq
# 14 yanvar 2011 08:55 (UTC +04:00)
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu məlumat verib.

Sektor müdirinin sözlərinə görə, turizm şirkətlərinin fəaliyyəti bu sahənin inkişafında çox önəmli yer tutur: «Bir çox turizm şirkəti artıq bazarda öz sözünü deyib. Lakin bununla yanaşı, araşdırmalarımız nəticəsində məlum olub ki, bəzi şirkətlərin fəaliyyəti istehlakçıların tələbinə cavab vermir. Onlar öz işlərində neqativ hallara yol verir və vətəndaşlara lazımi səviyyədə xidmət göstərə bilmir. Bu şirkətlər haqqında Nazirliyə müxtəlif şikayətlər daxil olur. Ötən il bu şirkətlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər görülüb».

Nazirlik rəsmisi qeyd edib ki, turizm şirkətlərinin fəaliyyətinin monitorinqi Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə keçiriləcək. Bunun üçün isə sözügedən qurumların da nümayəndələrinin iştirakı ilə yaxın günlərdə monitorinq komissiyası yaradılacaq: «Komissiya bu şirkətlərin fəaliyyətinin müvafiq standartlara uyğunluğunu araşdıracaq. Bu zaman şirkətin yerləşdiyi ofisin şəraiti, müasir avadanlıqlarla təchizatı, əməkdaşlarının peşə hazırlığı və turistlərə göstərilən xidmətin səviyyəsi kimi amillər nəzərə alınacaq. Eyni zamanda, monitorinq aparılan şirkətin fəaliyyət üçün sənədlərinin standartlara uyğun olub-olmaması müəyyənləşdiriləcək. Bu sıraya isə turizm vauçerlərinin təqdim olunması da daxildir. Çünki turizm vauçeri Azərbaycandan xaricə gedən və ölkəmizə gələn turistlərə göstərilən müvafiq xidmətin əks olunduğu sənəddir və şirkətlə müştəri arasında münasibətləri tənzimləyir».

R.Oruclu əlavə edib ki, hazırda Azərbaycanda lisenziya əsasında 214 turizm şirkəti fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR