Nazir: “Azərbaycanın daxili turizmində daha çox tələbat olan bölgələr şimal, cənub və qərb bölgələridir”

Nazir: “Azərbaycanın daxili turizmində daha çox tələbat olan bölgələr şimal, cənub və qərb bölgələridir”
# 12 iyun 2012 09:19 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın daxili turizmində daha çox tələbat olan bölgələr şimal, cənub və qərb bölgələridir. APA-nın məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, yay mövsümündə əsasən İpək Yolu istiqaməti - Şəki, Qəbələ, Oğuza daha çox tələbat olur.

Şimal bölgəsində böyük inkişaf getdiyini bildirən nazir burada yeni hotelin tikilməsini, yolun inşasının tamamlanmasını önəmli hesab edir: “Kür çayının ətrafında yerləşən təbiət guşələri çoxdur. Onların inkişafı üçün regional proqram mövcuddur. Yay mövsümündə o yerlərin çox isti olması ilə əlaqədar olaraq kimisə həmin yerlərə getməyə məcbur etmək olmaz. Bu insanların öz seçimidir. Orada xüsusiləşdirilmiş turizm növləri - balıqçılıq, ovçuluq mövcuddur ki, bunlar daha çox payızda, yazda müşahidə olunur. Elə həmin mövsümdə də bu bölgəyə maraq daha çox olur”.

Azərbaycanda hotellərin təsnifatına gəlincə, nazir bildirib ki, bununla bağlı iş davam etdirilir: “Hər həftə bizə üç-dörd hotel müraciət edir, təsnifat komissiyası gedir, bunun üçün hər hansı vəsait ödəməyə də ehtiyac yoxdur. Bu sadəcə lazımi bir prosedurdur. Prosedurlar bizim mütəxəssislər, İqtisadi İnkişaf Nazirliyi və Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Sanki biz lisenziya verilməsinin artıq keyfiyyət mərhələsini keçiririk. Lisenziya əldə edən hotel bir həftədən və ya beş aydan təsnifatın müəyyənləşdirilməsi üçün müraciət edə bilər. Bu hal həm də qiymət siyasətinə müsbət təsir göstərir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR