2011-ci ildə Azərbaycanda gəlmə turizmdən əldə olunan gəlir 966,3 mln manat olub

2011-ci ildə Azərbaycanda gəlmə turizmdən əldə olunan gəlir 966,3 mln manat olub
# 13 iyun 2012 17:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanda hazırda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 508-dir. Respublika üzrə yataq yerlərinin ümumi sayı isə 2011-ci ilin göstəricilərində 31.979-dur. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yay turizm mövsümünün açılışında çıxışı zamanı deyib. Nazir bildirib ki, “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılmasının keçirilməsi” qaydalarına əsasən, ötən il ərzində dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 83 olub: “Hazırda respublikada mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 335, turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 194 turizm şirkəti fəaliyyət göstərir. Bildiririk ki, Azərbaycanda turizm sahəsində statistik hesablamalar dünya təcrübəsinə uyğunlaşdırılaraq, yeni kriteriyalarla aparılır. 2011-ci ilin rəsmi statistik məlumatlarına görə, Azərbaycanda turizm sahəsində çalışan işçilərin sayı 7739 nəfər təşkil edir. Məlumat üçün qeyd etmək istərdim ki, 2011-ci il ərzində Azərbaycana gələn əcnəbilərin sayı 2 239 141 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,0% və ya 276 235 nəfər çoxdur”.

Nazir əlavə edib ki, 2011-ci ildə Azərbaycana gələn əcnəbi turistlərin sayı 1 836 226 nəfər təşkil edib. Eyni zamanda ötən il üçün Azərbaycanda gəlmə turizmdən əldə olunan gəlir 966,3 mln manat və ya 1,223 mln. ABŞ dolları olub ki, bu da 2010-cu il ilə müqayisədə 59,5% çoxdur.

Qeyd edək ki, yay turizm mövsümünün başlanması nəzərə alınaraq, turizm potensiallı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanılması, cari mövsümdə turistlərə göstəriləcək xidmətin qiymətlərinin araşdırılması və mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış yerləşdirmə obyektlərinin fəaliyyətinin öyrənilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxil olmaqla xüsusi komissiya yaradılıb. Komissiya qərb regionu (Gədəbəy, Gəncə, Naftalan və Mingəçevir) üzrə 11-15 iyun tarixlərində, şimal-qərb regionu (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən) üzrə 8-25 iyun tarixlərində, şimal regionu (Xaçmaz, Qusar və Quba) üzrə isə 27-30 iyun tarixlərində bölgələrdə monitorinqlər keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR