Ağdamda azad olunmuş ərazilərdə turizmin bərpası ilə bağlı konfrans keçirilib

Ağdamda azad olunmuş ərazilərdə turizmin bərpası ilə bağlı konfrans keçirilib
# 14 dekabr 2023 15:44 (UTC +04:00)

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda I elmi-praktiki konfransı keçirilib.

APA xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə üsullarının, eləcə də sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və turizm ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Konfransdan öncə Memorial Xatirə Kompleksini ziyarət edilib, şəhidlərin ruhuna ehtiram olaraq kompleksin önünə gül dəstələri düzülüb.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi bölgələrdə qurulan yeni turizm infrastrukturu haqqında məlumat verib. A. Hüseynova Xocavəndin Tuğ, Hadrut kəndləri, Şuşanın Daşaltı kəndində turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparıldığını qeyd edib. Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya turist səfərlərindən söz açan A.Hüseynova bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev çıxış edərək Ağdamda, o cümlədən digər ərazilərdə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, Qarabağda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş turizm potensialının mövcudluğunu, turizmin bölgənin bərpasında əsas sahələrdən biri olacağını qeyd edib.

Sonra post-konflikt dövründə turizmin inkişafı üzrə ən yaxşı təcrübələr, təbliğat işlərinin gücləndirilməsi mövzusu ilə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizmin inkişafı və bərpa istiqamətləri, mövcud potensialın səmərəli istifadəsi mövzusu ilə isə Dövlət Turizm Agentliyinin Regional turizm və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov təqdimatla çıxış ediblər.

“İşğaldan azad edilmiş ərazilərin investisiya mühitinin turizm aspektləri: mövcud çağırışlar və imkanlar” adlı paneldə bölgənin investisiya ehtiyacları, sərmayə mühiti, o cümlədən investorların ərazilərə cəlb edilməsi prosesi müzakirə edilib. Aidiyyəti dövlət qurumlarının və biznes təmsilçilərinin iştirak etdiyi müzakirələrin sonunda auditoriyanın sualları cavablandırılıb.

“İşğaldan azad edilmiş ərazilərə turizmin inkişafına elmi baxış” adlı sessiyada Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Xəzər Universitetindən olan turizm ixtisası üzrə təhsil alan tələbə qrupları mövzu ilə bağlı layihələrini təqdim ediblər.

Konfransda, həmçinin “İşğaldan azad edilmiş ərazilərdə turizm xidmətləri infrastrukturunun genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması” mövzusunda dəyirmi masa təşkil olunub. Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının təmsilçiləri və bir sıra hotel və turizm şirkətlərinin nümayəndələri mövzu ətrafında müzakirələr aparıblar. Müzakirələrdə Şuşa ilə yanaşı, digər ərazilərə turların təşkil edilməsi, həmçinin Suqovuşan və digər istiqamətlərdə yeni turizm məhsullarının yaradılması, turistlərin xidmətlərə əlçatanlığının artırılması, dövlət-özəl tərəfdaşlığı modellərinin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR