İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqa Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.
Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.
Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.