Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib
# 27 iyun 2019 14:01 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, Məcəlləyə yeni 576.3 və 576.4-cü bəndləri əlavə edilir.

Sənədin yeni 576.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada iş üçün müraciət edən və ya işlə təmin olunan şəxslərin sayı barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) təqdim edilməməsinə görə, 500 manatadək məbləğdə cərimələnib.

Məcəlləyə yeni əlavə edilən 576. 4-cü bənddə isə qeyd edilib ki, Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən toplanmış informasiya ehtiyatlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurum) elektron qaydada qarşılıqlı məlumat mübadiləsinin təmin edilməməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılıb və I oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR