Çinin İu şəhəri və Litvanın paytaxtını (Vilnus) birləşdirən yeni müntəzəm dəmir yolu marşrutu ilə yük qatarlarının hərəkəti başlayıb.
“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, uzunluğu 10 146 km olan yeni dəmir yolu marşrutu Qazaxıstan, Rusiya və Belarus ərazilərindən keçir. Vilnüsdən yüklər İspaniya, Danimarka, İsveçrə və Fransa da daxil olmaqla digər 36 Avropa ölkəsinə yönəldiləcək.
Məlumata əsasən, yeni xəttin istifadəyə verilməsi beynəlxalq poçtun pandemiya şəraitində daşınması üçün yeni bir kanal təmin edib. Gələcəkdə bu marşrut üzrə reyslərin həftədə bir dəfə yerinə yetiriləcəyi gözlənilir.