Avropa Parlamentində ən böyük siyasi blok olan Avropa Xalq Partiyası Avropa İttifaqı (Aİ) və “Şərq Tərəfdaşlığı” ölkələri (Ukrayna, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Belarus) arasında daha nəzərəçarpan əməkdaşlıq üçün çağırış edib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Xalq Partiyası açıqlama yayıb.
Bildirilib ki, gələn ay keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitində Aİ və onun Şərq qonşuları, eyni zamanda altı ölkənin özlərinin arasında aydın və uzunmüddətli bir strategiya qəbul olunmalıdır: “Biz Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusa konkret kömək göstərərək, əməkdaşlığın detallı və təşviqedici gündəliyini hazırlamağa çağırırıq”.
Qeyd olunub ki, Aİ siyasətinin məqsədi yenə də münasibətləri beynəlxalq hüquqa və fundamental dəyərlərə uyğun olaraq dərinləşdirmək, sabitliyi artırmaq və bütün bölgənin çiçəklənməsidir.
“Bu hədəfdə güzəştə getmədən Aİ rouminqsiz pulsuz zonanın yaradılmasını, yerli valyutalarda verilən kreditləri artırmaqla iqtisadiyyatın şaxələndirilməsinə dəstək və ya infrastrukturun inkişafına kömək kimi məsələləri təşviq etməlidir. Bu təşviqləri işlək hala gətirmək üçün tərəfdaş ölkələr birlikdə işə başlamalıdırlar. Demokratik dünyanın üzləşdiyi indiki çətinliklərdən heç biri ayrı-ayrı ölkələr tərəfindən səmərəli şəkildə həll edilə bilməz. Hazırda əməkdaşlıq əsasdır. Region daxili ticarətin artması, rouminq qiymətlərinin azalması və ya ləğvi, enerji və nəqliyyat kimi sahələrdə ortaq layihələr hamıya fayda gətirəcək. Ölkələr assosiasiya sazişlərini reallaşdırsalar, Avropa standartlarının 70 faizinə nail olacaqlar. Ölkələrinizdə islahatla bağlı səylərinizi dayandırmayın. Bu, cəmiyyətlərinizə daha çox rifah gətirməsi üçün vacibdir”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu gün Avropa Parlamentinin Xarici İşlər Komitəsində “Şərq Tərəfdaşlığı” ilə bağlı müzakirələr keçirilir.