Deputat: “Dəyişikliklərin məqsədi orduda məhkumluğun sayının azaldılması, ordunun nüfuzunun artırılmasıdır”

Deputat: “Dəyişikliklərin məqsədi orduda məhkumluğun sayının azaldılması, ordunun nüfuzunun artırılmasıdır”
# 15 aprel 2020 13:54 (UTC +04:00)

“Hərbi xidmət əleyhinə olan cinayətlər bölməsində təklif edilən dəyişikliklərin məqsədi orduda məhkumluğun sayının azaldılması, ordunun nüfuzunun artırılmasıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov bildirib.

K. Cəfərov deyib ki, bəzi böyük ictimai təhlükə törətməyən cinayətlərə görə hüquqi nəticələr hərbi qulluqçuların gələcək karyerasına mənfi təsir göstərir: “Bununla belə, orduda ciddi nizam-intizamın da qorunub saxlanması üçün Cinayət Məcəlləsindən bu sahədə dekriminallaşan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdən görünür ki, bir tərəfdən hərbi qulluqçulara inzibati həbs və ictimai işlər tənbehi qadağan edilsə də, 41-ci fəsildə, yəni hərbi xidmət əleyhinə olan xətalara görə inzibati həbsin tətbiqi istisna kimi nəzərdə tutulub.

İlk növbədə qeyd edim ki, bu bölmədə cinayətin subyektlərinə görə, yəni tabelikdə olan hərbi qulluqçuya qarşı və rəisə qarşı törədilən cinayət əməllərini ehtiva edən 329-cu, 330-cu və 331-ci maddələr yenidən işlənilib, 331.1 və 331.2-ci maddə ləğv edilib, 329-cu maddə yeni redaksiyada verilib, lakin həm rəisin, həm də tabelikdə olan hərbi qulluqçunun təhqir edilməsi ilə bağlı hissələr İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 610 və 611-ci maddələrdə inzibati məsuliyyət kimi nəzərdə tutulub”.

Millət vəkili vurğulayıb ki, digər məsələ hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə ilə bağlı maddələrin təkmilləşdirilməsi ilə bağlıdır: “Belə ki, əsgərlərə (müddətli həqiqi hərbi xidmət qulluqçusu) və kursantlara münasibətdə bu əməl 3 gündən artıq törədildikdə cinayət hesab olunacaq. 3 günə kimi isə bu əməl İnzibati Xətalar Məcəlləsinin 613-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq. Zabitlərə münasibətdə isə bu əməl 10 gündən artıq törədildikdə cinayət, 10 günə qədər törədildikdə isə inzibati məsuliyyətə səbəb olacaq.

Eyni zamanda hərbi əmlakı itirmə, məhv etmə və maşınları idarəetmə və istismar qaydalarını pozma ilə bağlı maddələrdən də bəzi hissələr dekriminallaşaraq İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində əksini tapıb”.

Qeyd edək ki, Milli Məclisin aprelin 17-də keçiriləcək plenar iclasına tövsiyə olunan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 610-cu maddəyə əsasən, rəisin yaxud hərbi qulluq vəzifələrini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltma on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Eyni zamanda təklif edilən digər yeni 611-ci maddə ilə tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltmaya görə də cəza müəyyənləşir. Beləliklə, dəyişikliyə əsasən, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 612-ci maddə ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsinə görə on gündən bir ayadək inzibati həbs tətbiq olunacaq.

Eyni əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olur.

Eyni zamanda həmin maddəyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməkdə yaxud hədə-qorxu tətbiq etməklə özgənin yüz manatadək əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər tələb etməsini tələb etmə bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 613-cü maddə ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini ) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən çox olmayaraq törədildikdə (613.1) on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Eyni zamanda zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən çox olmayaraq törədildikdə (613.2) iyirmi günədək müddətə inzibati həbs olunacaq.

Həmçinin, 613.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on gündən iyirmi gün müddətə inzibati həbs tətbiq olunacaq.

Eyni zamanda 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR