Braziliyalı futbolçu Ailton Silva “Qarabağ” klubunun tarixinə düşüb.
APA-nın məlumatına görə, cənubi amerikalı Ağdam təmsilçisinin heyətində meydana çıxan 300-cü futbolçu olub.
Onun debütü Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda gerçəkləşib. Albaniya “Partizani”si ilə ev matçında (2:0) start heyətində meydana çıxan braziliyalı “Qarabağ”da ilk dəfə rəsmi matçın iştirakçısı olub.
Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən “Qarabağ”ın 32 illik tarixində bunadək 299 futbolçu rəsmi xarakterli oyunlarda meydana çıxmışdı. Söhbət ölkədaxili və beynəlxalq yarışlardan gedir. Regional turnirlərin nəzərə alınmadığı statistikaya əsasən 298 oyunçu cari mövsümün startına qədər Ağdam klubunun formasını geyinmişdi. “Partizani” ilə ilk qarşılaşmada (0:0) ispaniyalı Xayme Romero debüt edərək bu rəqəmi 299-a çatdırmışdı. Ailton isə bu siyahıda yubiley – 300-cü olub.
Bu futbolçular arasında mütləq rekord Maksim Medvedevə məxsusdur – 406 oyun. Müşfiq Hüseynov 394, Yaşar Hüseynov 380 matça çıxmaqla ilk “üçlük”də yer alıb.
Qeyd edək ki, “Qarabağ”ın “Partizani” ilə oyunları “300”lərlə zəngin olub. İlk görüş Rəşad Sadıqovun Ağdam klubunda 300-cü matçı olub. Cavab qarşılaşmasında ikinci topu vuran Dani Kintana Azərbaycan klublarının avrokuboklarda 300-cü qolunu vurub. Bu top həm də “Qarabağ”ın 100-cü avrokubok qolu olub.