“Rusiya və Azərbaycanın koronavirusla mübarizədə fəaliyyətin koordinasiyası və bu virusun sosial-iqtisadi təsiri hazırda iki ölkə arasında gündəmdə duran mövzulardandır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, koronavirusla mübarizə sahəsində Rusiya ilə Azərbaycan arasında sıx əməkdaşlıq yaranıb: “Bu mövzu bir neçə dəfə iki ölkənin hökumət başçıları Mixail Mişustin və Əli Əsədov, XİN başçıları Sergey Lavrov və Elmar Məmmədyarov tərəfindən müzakirə olunub. Azərbaycan və Rusiyanın profil qurumları təmasdadırlar. Bu il martın əvvəlində Rusiya tərəfi Azərbaycana 120 test sistemi göndərib. Bu sistemlər 12 000 tədqiqat aparmaq üçündür. Bundan sonra da tərəfdaşlarımıza lazımi köməyi göstərməyə hazırıq”.
Rusiya XİN sözçüsü Azərbaycan tərəfinə təşəkkürünü də bilirib: “Moskva və Bakı vətəndaşlarımızın vətənə dönməsi məsələsində də sıx əməkdaşlıq edir. Biz bu məsələdə yardım etdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq”.