“Təhsil avtobusu” 2000 km məsafə qət edəcək 

“Təhsil avtobusu” 2000 km məsafə qət edəcək 
# 22 iyul 2019 15:26 (UTC +04:00)

İyulun 22-də Təhsil Nazirliyində Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu – Nəsimi” yay məktəbi ilə bağlı mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, tərəfdaş qurumların nümayəndələri və layihənin təşkilatçıları iştirak ediblər.

F. Qurbanov bildirib ki, proqramın məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına şərait yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin biliyinin, dünyagörüşünün artırılması və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

Nazir müavini layihənin ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, dünyagörüşünün formalaşmasına, onların dərslərə marağının artmasına şərait yaradacağını vurğulayıb.

Qeyd olunub ki, iyulun 23-dən başlayacaq və 29-dək davam edəcək yay məktəbi çərçivəsində 5 bölgədə yaşayan şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlara qatılacaqlar. Avtobus 2000 km-dən artıq məsafəni qət edəcək.
“Təhsil avtobusu –Nəsimi” Bakı şəhərindən yola düşərək Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. Layihənin bağlanış mərasimi İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində baş tutacaq.

2016-cı ildən start götürən “Təhsil Avtobusu” yay məktəbi çərçivəsində 6000 km yol qət edilib, Bakı və 12 bölgənin (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala, Şəmkir, Qəbələ) 29 şəhər və 31 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 550-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 200 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR