Mütəxəssis: “Günəş enerjisini sənədsiz də istifadə etmək olar” - VİDEO

Mütəxəssis: “Günəş enerjisini sənədsiz də istifadə etmək olar” - VİDEO
# 08 iyun 2020 14:11 (UTC +04:00)

Dünyada alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə marağın artığı bir vaxtda ölkəmizdə sözügedən enerjidən o qədər də geniş istifadə olunmur. Səbəb isə məlumdur – məlumatsızlıq...

APA TV-nin məlumatına görə, vətəndaşlarımızın böyük bir qismi alternativ enerjinin mahiyyətindən, onun işləmə mexanizmindən, quraşdırılması üçün hansı sənədlərin lazım olmasından və digər məsələlərdən xəbərsizdir. Götürək elə alternativ enerjinin əsas vasitələrindən biri olan günəş enerjisini... Panellər, batareya və invertorlar vasitəsilə günəşdən enerji alıb adi elektrik enerjisinə çevirən bu sistemi quraşdırmaq o qədər də çətin deyil və istifadəçi bu sistemi quraşdırarkən sənədləşmə prosesində “dağa-daşa” düşmür. Ölkəmizdəki azsaylı alternativ enerji şirkətlərindən biri olan və günəş panellərinin satışını və quraşdırılmasını həyata keçirən “Provitaz” şirkətinin icraçı direktoru Emin Məmmədov deyir ki, günəş panellərini quraşdırmaq üçün heç bir rəsmi sənəd lazım deyil. Sadəcə, istifadəçi ilə panelləri satan şirkət arasında korporativ müqavilə imzalanır: “Günəş panellərini hər bir şəxs heç bir əngəl olmadan, bürokratiya problemi yaşamadan quraşdıra bilər. Bunun üçün heç bir icazə sənədi almaq lazım deyil. Azərbaycan qanunvericiliyinə əsasən, siz heç bir sənəd tələb olunmadan günəş panellərini quraşdıra bilərsiniz və 150 kVt/saata qədər heç bir icazə olmadan istifadə edə bilərsiniz. Adətən, evlərdə və ya fermalarda, yəni şəxsi istifadədə elektrik enerjisinin sərfiyyatı heç 100 kVt/saata gəlib çatmır. Ona görə də hələ ki Azərbaycanda bu barədə bir problem yoxdur. Nə bürokratik, nə də başqa bir problemlərlə rastlaşırıq”.

Emin Məmmədov bildirir ki, günəş panellərini satan dövlət və özəl şirkətlər bu sistemin satışında kreditləşmə prosesini həyata keçirsə, fərdi sahibkarların günəş panellərinə, ümumilikdə alternativ enerjiyə marağı xeyli artar: “Bu sahədə hissə-hissə ödəniş sisteminin yaradılması fermerlər üçün böyük bir dəstək olardı. Belə bir dəstək olsa, fermerlərin çoxu bu panellərdən istifadə edər. Çünki fermerlərin gəliri mövsümə görə dəyişir və onlara bu qədər investisiya yatırmaq çətin olur. Məhz bu problemə görə də sahibkar bu sistemi öz təsərrüfatlarında quraşdırmaq istəmirlər. Onlar generatorlardan istifadəyə üstünlük verirlər. Belə olan halda yalnız benzinə xərcləri çıxır. Bu sahədə hissə-hissə ödəniş sistemi yaradılarsa, sahibkarlar üçün çox böyük dəstək olar”. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər də Azərbaycanda bu sahəyə investisiya yatırmağa maraqlıdırlar. Avropa İnkişaf və Yenidənqurma Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım İvana Duarte APA TV-yə açıqlamasında deyib ki, təmsilçisi olduğu bank sərmayə qoyduğu ölkələrdə bərpa olunan enerji layihələrinin lider maliyyəçisidir və Azərbaycanda bu sahədə keçiriləcək hərraclarda iştirak etmək niyyətindədir. "Bizim işimiz Energetika Nazirliyinə müəyyən bərpa olunan enerji mənbələri üçün həqiqi bazar qiymətlərini müəyyənləşdirməkdə və ədalətli, şəffaf hərrac prosesini yaratmaqda kömək etməyə yönəlib", - deyə İvana Duarte bildirib.

Xatırladaq ki, Energetika Nazirliyi Azərbaycanda "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında" qanun layihəsini artıq hökumətə təqdim edib və yaxın zamanlarda bu qanunun qəbulu gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR