"Vəzir Muxtarın ölümü" kitabının Türkiyədə təqdimatı olub

"Vəzir Muxtarın ölümü" kitabının Türkiyədə təqdimatı olub
# 17 may 2020 18:48 (UTC +04:00)

“XIX əsrin birinci yarısında İran, Rusiya, Osmanlı Dövləti və Azərbaycan torpaqlarında, xüsusilə Qarabağda baş verən hadisələri tarixi faktlarla əks etdirən bu kitab Türkiyəli oxuculara ilk dəfədir ki, təqdim olunur. Rusiyanın formalist ədəbiyyatının təmsilçilərindən olan Yuri Tınyanovun “Vəzir Muxtarın ölümü” kitabında günümüzdə çox az bilinən məlumatlarla yanaşı, bu günə qədər davam edən hadisələrdən də bəhs edilir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyədə yaşayan həmyerlimiz, Ankara Universitetinin rus dili və ədəbiyyatı fənni üzrə müəllimi, hazırda təqaüddə olan, tərcüməçi-ədəbiyyatşünas Şəfiqə Hüseyn sözügedən kitabın təqdimat mərasimilə əlaqədar keçirilən telekonfransda bildirib.

Türkiyənin tanınmış kitab klublarının rəhbərləri, universitet müəllimləri və digər ziyalıların da iştirakı ilə keçirilən videokonfransda rus şairi, yazıçı və bəstəkar, 1929-cu ildə İranda səfir olarkən öldürülən diplomat Aleksander Griboyedovun həyatından bəhs edən “Vəzir Muxtarın ölümü” kitabı müzakirə edilib.

Tədbirin aparıcısı, Türkiyədə tanınmış Ötüken Kitab Klubunun sədri Fuat Yakar Rusiya və rusiyalı yazıçılar haqqında konfrans iştirakçılarına məlumat verib və bildirib ki, “Vəzir Muxtarın ölümü” Türkiyəli oxucular tərəfindən maraqla qarşılanıb.

Ş.Hüseyin A.Qriboyedovun həyat və yaradıcılığından danışaraq bildirib ki, İranda yaşayan ermənilərin Qarabağda məskunlaşmasında xidməti olan rusiyalı səfirin bu addımının arxasında təmsil etdiyi dövlətin yürütdüyü siyasətin dayanması kitabda əks edilib: “Sovetlər dönəmində Tınyanovun bu həqiqəti yazması onun böyük məharətindən xəbər verirdi. Zəngin dünyagörüşü və axtarışları yazıcının İranda Vəzir Muxtar olaraq tanınan Aleksandr Qriboyedovun ölümündən sonra açılan və çox da bilinməyən məlumatları, bununla yanaşı bir çox tarixi həqiqətləri üzə çıxarır”.

Hazırda 4 tanınmış rus yazıçısının kitabını tərcümə edərək nəşrə hazırladığını bildirən Ş.Hüseyn deyib ki, yeni tərcümələr üzərində də işləyir: “Onu da qeyd edim ki, “Vəzir Muxtarın ölümü” kitabı bir qədər fəlsəfi üslubda yazılıb. İstanbulda fəaliyyət göstərən, Azərbaycan Mədəniyyət Nazirliyilə birgə əməkdaşlıq edən “Zəngin Yayınçılıq” nəşriyyatının direktoru Sevinc Fırat kitabın nəşrinə razılaşdı. Nəşriyyat həm də kitabın Türkiyədə yayılmasına dəstək oldu”.

“Zəngin Yayınçılıq” nəşriyyatının direktoru Sevinc Fırat isə bildirib ki, nəşriyyat əsasən Azərbaycanı və Azərbaycan ədəbiyyatını Türkiyədə tanıtmağa xidmət edir: “İndiyədək Azərbaycanla bağlı 70-dək kitab nəşr etmişik. Azərbaycanın tanınmış ədəbiyyat xadimlərinin kitabları universitetlərdə də tədris olunur. Məsələn, İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin bir müəllimi 4 ildir ki, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanını tələbələrinə aldırıb oxutdurur”.

Sonda Ankara Universitetinin professoru, psixoloq Bahar Baştuğ kitab haqqında düşüncələrini bildirib, Ş.Hüseyn konfrans iştirakçılarının suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR