Qırğızıstan parlamenti sabiq prezident Almazbek Atambayevin toxunulmazlıq hüququnu ləğv edib

Qırğızıstan parlamenti sabiq prezident Almazbek Atambayevin toxunulmazlıq hüququnu ləğv edib
# 27 iyun 2019 15:44 (UTC +04:00)

Qırğızıstan parlamenti sabiq prezident Almazbek Atambayevin toxunulmazlıq hüququnu ləğv edib.

APA-nın “Interfax”-a istinadən verdiyi xəbərə görə, toxunulmazlıq hüququnun qaldırılması ilə bağlı qərarı 120 millət vəkilindən 103-ü dəstəkləyib. Qurucusu Atambayev olan Qırğızıstanın Sosial Demokrat Partiyasından olan millət vəkilləri isə bu qərarın əleyhinə səs veriblər.

Qırğızıstanın baş prokuroru Otkurbek Cəmşidov parlamentin iclasında bildirib ki, prokurorluq parlament komissiyasının təqdim etdiyi hesabatı araşdırıb və Atambayevin ölkə başçısı kimi ciddi cinayətlər törətməsindən şübhələnmək üçün əsaslar olması qərarına gəlib: "Komissiyanın təqdim etdiyi hesabatda əks olunan altı faktdan beşi şübhə üçün əsas verir. Ataxanovun (keçmiş baş nazirinin müavini), Salyanovanın (keçmiş baş prokuror) və Artıkbayevin (keçmiş enerji naziri) ifadələri var, bu ifadələr Atambayevin korrupsiyaya cəlb olunduğunu sübut edir".

Baş prokurorun sözlərinə görə, toxunulmazlıq hüququ aradan qaldırılsa da, eks-prezidentə qarşı dərhal cinayət işi qaldırılmayacaq, istintaq başlayacaq: "Atambayevi sorğuya çağırmaq və müvafiq sübutlar əldə etmək lazımdır".

Qeyd edək ki, 2011-ci il dekabrın 1-dən 2017-ci il noyabrın 24-dək Qırğızıstan prezidenti olan Atambayev hazırda evinin olduğu Köy-Taş kəndində ərazilərin qanunsuz ələ keçirilməsi, cinayətkar avtoritet Aziz Batukayevin qeyri-qanuni sərbəst buraxılması, qeyri-qanuni varlanma və korrupsiyada ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR