Masallıda 8 nəfərin ölümü ilə nəticələnmiş qəza ilə bağlı cinayət işi başlanılıb, sürücülər saxlanılıb

Masallıda 8 nəfərin ölümü ilə nəticələnmiş qəza ilə bağlı cinayət işi başlanılıb, sürücülər saxlanılıb
# 09 iyul 2019 12:10 (UTC +04:00)

Bu gün səhər Masallı rayonu ərazisində 8 nəfərin ölümü ilə nəticələnən qəzanın baş verməsi ilə bağlı cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, faktla bağlı cinayət işi Cinayət Məcəlləsinin 263.3-cü (iki və daha çox şəxsin ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətmə) maddəsi üzrə qaldırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir, mikroavtobusun sürücüsü Nizam Malik oğlu Mustafayev və "KamAZ"ın sürücüsü Elvin Zeynalov saxlanılıblar.

Qeyd edək ki, Masallıda "KamAZ" markalı avtomobilin "Mercedes Vito" markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 8 nəfər ölüb, 1 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR