Dünyada karantin tədbirləri nəticəsində istehlakçıların neftə olan xərcləri 2020-ci ildə 1 trln. ABŞ dolları azalaraq 2,5 trln. dollaradək enəcək.
"APA-Economics"in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) energetika sahəsinə investisiyalara dair hazırladığı hesabatında yazıb.
Agentlik koronavirusun 2020-ci ilin ilk yarısında dünyada enerji sektoruna investisiyaların həcmində kəskin azalmaya səbəb olduğunu bildirib. Yeni növ infeksiyanın başlamasından əvvəl IEA mütəxəssisləri 2020-ci ildə enerji sektoruna qoyulan investisiyaların 2% artacağını gözləyirdilər ki, bu da 2014-cü ilin böhranından etibarən ən əhəmiyyətli artım ola bilərdi. Ancaq bu, koronavirus pandemiyası səbəbindən baş vermədi. Bunun əvəzinə, investisiyalar görünməmiş dərəcədə, 2019-cu il ilə müqayisədə 20% və ya 400 mlrd. dollar azalıb.
"Hesablamalarımıza görə, 2020-ci ildə istehlakçıların neftə xərcləri 1 trln. dollardan çox azalacaq, elektrik enerjisi sektorundakı gəlirlər isə cəmi 180 mlrd. dollar azalacaq", - deyə agentliyin məlumatında qeyd olunub.
Neft-qaz sektoruna birbaşa investisiyalar 32% və ya təxminən 250 mlrd. dollar, kömür sənayesinə investisiyalar 15% və ya təxminən 20 mlrd. dollar azalacaq. Ümumiyyətlə, qlobal enerji sektoruna investisiyalar ötən illə müqayisədə 20% azalacaq.