AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) üçün Strateji Planın hazırlanmasına dair telekonfrans keçirilib.
AMEA-dan APA-ya verilən məlumata görə, AMEA YT Parkın strateji inkişafı və Azərbaycanda İnnovasiya Ekosisteminin gücləndirilməsi məqsədilə keçirilən konfransda qurumun direktoru, akademik Əli Abbasov, Ümumi və strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, akademiyanın Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin Xarici əməkdaşlıq şöbəsinin müdiri Bünyamin Seyidov və İnnovasiyalar üzrə ekspert Vüsal Süleymanlı iştirak ediblər.
Konfrans zamanı diqqətə çatdırılıb ki, innovasiya və iqtisadiyyatda yüksək texnologiyaların tətbiqi olduqca vacibdir. Bildirilib ki, prosesin yüksək dinamikasının təmin edilməsinin əsas yolu isə elmi tədqiqat və təcrübə konstruktor işlərinin multidissiplinar yanaşma əsasında və məqsədyönlü innovasiya proqramları daxilində tətbiq olunmasıdır.
Həmçinin iclasda strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malik olan YT Parkda sözügedən planın tətbiqi ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. Bundan əlavə, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.