Rusiya ABŞ və İranı Fars körfəzində beynəlxalq norma və qaydalara uyğun davranmağa və təxribata getməməyə çağırıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya tərəfləri aqressiv ritorikadan uzaq durmağa dəvət edir.
“Tehranın ABŞ hərbçilərinə qarşı kəskin tənqidi bizə aydındır. Onlar aprelin 15-də Fars körfəzinin İran sahillərində təhlükəli manevrlər ediblər. Biz iranlıları maksimum dərəcədə təmkinli və ehtiyatlı olmağa dəvət edirik”, - deyə M. Zaxarova bildirib.
XİN nümayəndəsi qeyd edib ki, Moskva Fars körfəzində stabillik və təhlükəsizliyə əsas faktorlardan biri kimi baxır.
“Regionda kollektiv təhlükəsizlik barədə təşəbbüsümüz də bu məntiq üzərində qurulub”, - deyə M. Zaxarova vurğulayıb.