OPEC+ ölkələri neft hasilatının azaldılması ilə bağlı Vyana sazişinin 2020-ci il mart ayının sonunadək qüvvədə olma müddətinin uzadılmasına dair konsensusa gəliblər.
"APA-Economics"in “TASS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Omanın Neft və Qaz naziri Məhəmməd bin Həməd Əl-Rumhi deyib.
Onun sözlərinə görə, neft hasilatının azaldılması ilə bağlı OPEC+ sazişi 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinin bazarına mümkün təsiri səbəbindən ən azı gələn ilin sonunadək uzadılmalıdır.
Nazir qeyd edib ki, 2020-ci ilin noyabr ayında ABŞ-da seçkilər olacaq və bu seçkilərin nəticəsi ölkənin Çin ilə münasibətlərinə və bu da öz növbəsində bazarda olan tələbə təsir göstərəcək.
Məhəmməd bin Həməd Əl-Rumhi onu da vurğulayıb ki, nəticələr bəlli olduqdan sonra OPEC+ 2020-ci ilin dekabrında daha dəqiq qərar verə biləcək.