“İyunun 18-də saat 12.00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
E. Hacıyev deyib ki, həmin gün saat 15.00-da ikinci uçuş olacaq.
O bildirib ki, Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlikdir: “Lakin 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təchiz edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.