Bu ilin birinci yarısında Azərbaycanda icra qurumlarına daxil olan icra işlərinin sayı 731 minə çatıb, onlardan 384 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.
APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.
Qeyd olunub ki, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1 954 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1 421 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 301 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 2 496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 8 210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb ki, bu da ötən dövrlərlə müqayisədə 4 dəfə çoxdur.