Sənan Qurbanov: "Tbilisiyə məğlub olmağa gəlməmişik"

Sənan Qurbanov: "Tbilisiyə məğlub olmağa gəlməmişik"
# 31 iyul 2019 21:17 (UTC +04:00)

“Qəbələ”də oynayan hər iki gürcü legioner – Davit Volkov və Merab Qiqauri ilə bir müddətdir birgə çalışırıq. Onlar potensiallarına inandığımız oyunçulardır”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu “Qəbələ” futbol klubunun məşqçisi Sənan Qurbanov deyib.

“Qırmızı-qaralar”ın çalışdırıcısı Avropa Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək Tbilisi “Dinamo”su ilə cavab oyununa həsr olunan mətbuat konfransına qatılıb. 39 yaşlı məşqçi komandasında çıxış edən gürcüstanlı futbolçular və qarşılaşma barədə danışıb: “Hər iki oyunçu komandamıza tez uyğunlaşıb. Evdə keçirilən ilk matçda məğlub olmuşuq. Yenilənmiş bir komandamız var. Bəzi oyunçularımız ilk dəfə Avropa Liqasında iştirak edirdilər. Buraya məğlub olmağa gəlməmişik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

S.Qurbanov rəqib barədə fikirlərini açıqlayıb: “Bütövlükdə götürsək “Dinamo” kompakt bir komandadır. Yaxşı çıxış edirlər. Komandanın kapitanı və hücum xəttində çıxış edənlərin hamısı sürətlidir. Amma biz də öz futbolçularımıza inanırıq”.

Məşqçi ilk görüşdəki 0:2 hesablı məğlubiyyətə də bir daha şərh verib: “Bundan qabaq da dediyim kimi, komandamız yenidir. Ötən mövsüm bəzi futbolçularla yollarımızı ayırdıq. Akademiya olaraq yeni oyunçulara şans vermək fikrindəyik. Bu, ardıcıl iki il Avropa Liqasının qrupuna düşən “Qəbələ”dir. Ona görə də komandamızdan qələbə gözləyirlər. Amma hər hansı məğlubiyyətə görə komandanın baş məşqçisi dəyişə bilməz. Həm gənc, həm də təcrübəli futbolçuları oyunda görmək istəyirik”.

O qeyd edib ki, ilk oyundan sonra rəqibi daha yaxşı analiz etmək imkanı olub: "Futbolçularla birlikdə video görüntüləri izləmişik. Biz top itkilərinə yol verməməli, hücumda kəsərli olmalı, hər iki fazada - hücumda müdafiədə inamlı oynamalıyıq. Komanda olaraq meydançaya əllərimizi yanımıza salıb, çıxmaq fikrində deyilik. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. Heyətimizdə zədəli futbolçu yoxdur. Start heyətində dəyişiklik olması mümkündür. İki oyunçunu dəyişə bilərik”.

Qeyd edək ki, "Dinamo" - "Qəbələ" oyunu saat 21:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR